• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Cənubi Qafqazda yeni reallıqlar: Ermənistan-Azərbaycan münasibətləri hara aparır?

SİYASƏT

12 Mart 2025 | 16:30

Cənubi Qafqazda yeni reallıqlar: Ermənistan-Azərbaycan münasibətləri hara aparır?

Ermənistan və Azərbaycan arasındakı münasibətlər Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır.

İki ölkə arasında onilliklər boyu davam edən münaqişə, xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra yeni bir mərhələyə keçib. Son dövrlərdə regionda sülh gündəliyinin formalaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər müzakirə predmetinə çevrilib. İki ölkə arasında gərginliyin azaldılması və qarşılıqlı əməkdaşlığın bərqərar olması təkcə tərəflər üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açır.

Ermənistan-Azərbaycan münasibətlərinin gələcək perspektivləri hansılardır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər tarix boyu mürəkkəb olub:

"Xüsusilə, 1980-ci illərin sonlarından etibarən baş verən hadisələr regionda ciddi gərginliyə səbəb olub. Həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan ermənilərin təxribat xarakterli addımları, eləcə də Sumqayıt hadisələri ilə başlayan proseslər nəticədə Dağlıq Qarabağ münaqişəsinin alovlanmasına gətirib çıxardı. SSRİ-nin dağılması ilə müstəqilliyini bərpa edən Azərbaycan, dövlətçiliyini tam möhkəmləndirməmişkən, xarici dəstək alan erməni separatçılarının işğalçılıq siyasəti ilə üzləşdi".

Tural İrfan xatırladıb ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etməsi ilə nəticələndi. Bu qələbə yalnız hərbi müstəvidə deyil, siyasi və diplomatik arenada da Azərbaycanın üstünlüyünü nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət uzun müddət mübahisəli məsələ kimi təqdim etməyə çalışdığı Qarabağ probleminin Azərbaycanın suverenliyi çərçivəsində həll olunduğunu qəbul etdi. Azərbaycan bu prosesdə öz müttəfiqləri, xüsusilə Türkiyə və Pakistan kimi ölkələrin dəstəyini arxasında hiss edərək qətiyyətli siyasət yürütməyə davam etdi.

Tural İrfan: Proseslər Cənubi Qafqazda yeni reallıqların formalaşmasına səbəb olacaq

Həmsöhbətimiz qeyd edib ki, hazırda regionda sülh və sabitliyin bərqərar olması üçün müxtəlif məsələlər müzakirə olunur:

"Qarabağda yaşayan ermənilərin statusu, Qərbi Azərbaycana qayıdış, təzminat məsələləri və ədalət məhkəməsi kimi mövzular gündəmdədir. Ermənistan isə uzun illər apardığı işğalçı siyasətin nəticəsiz olduğunu anlayaraq sülh prosesində iştirak etməyə məcbur olub. Bütün bu proseslər göstərir ki, Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə təmin edilib və bundan sonra regionda sülhün bərqərar olması üçün konkret addımların atılması qaçılmazdır. Ermənistanın müstəqil siyasət yürütmək cəhdləri və sülh prosesinə qoşulması gələcəkdə Cənubi Qafqazda yeni reallıqların formalaşmasına səbəb olacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR