• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qlobal gücə doğru: Əliyevlə Ərdoğanın Antalyada tarixi görüşü

SİYASƏT

11 Aprel 2025 | 16:07

Qlobal gücə doğru: Əliyevlə Ərdoğanın Antalyada tarixi görüşü

Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarix, mədəniyyət, dil və milli kimlik baxımından dərin köklərə söykənir.

Bu əlaqələr sadəcə iki dövlətin siyasi tərəfdaşlığı deyil, həm də bir millətin iki qolu kimi formalaşmış unikal bir birliyin təcəssümüdür. Hər iki ölkə bir çox tarixi mərhələlərdə çiyin-çiyinə dayanır, müstəqillik, təhlükəsizlik və inkişaf yolunda bir-birinə dayaq olur. Bu yaxınlıq 21-ci əsrdə daha strateji və institusional xarakter alaraq yeni bir mərhələyə qədəm qoyub. İkitərəfli əlaqələr yalnız diplomatik müstəvidə deyil, iqtisadiyyat, enerji, müdafiə sənayesi, nəqliyyat və humanitar sahələrdə də dinamik şəkildə inkişaf edir.

Bu gün Azərbaycan və Türkiyə münasibətləri təkcə regional əməkdaşlıq çərçivəsində qiymətləndirilmir – bu münasibətlər artıq qlobal proseslərə təsir etmək gücünə malik strateji müttəfiqlik modelinə çevrilmişdir. Xüsusilə də geosiyasi sabitliyin pozulduğu, yeni güc mərkəzlərinin formalaşdığı və beynəlxalq münasibətlər sisteminin yenidən qurulduğu bir dövrdə Azərbaycan və Türkiyənin birgə fəaliyyəti, ortaq mövqeləri və liderlərin birliyi dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Belə bir şəraitdə iki ölkə rəhbərinin - İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Antalyadakı görüşü sadəcə ikitərəfli məsələlərin müzakirəsi ilə məhdudlaşmır. Görüş eyni zamanda, yeni dünya düzənində Türk dünyasının və xüsusilə Azərbaycan-Türkiyə İttifaqının rolunu müəyyənləşdirəcək strateji baxışların formalaşdırılması baxımından da mühüm mərhələdir.

Bu yazıda sözügedən görüşün əhəmiyyəti, Azərbaycan-Türkiyə münasibətlərinin indiki vəziyyəti və qarşıda duran hədəflər geniş şəkildə təhlil ediləcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Azərbaycan və Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatdırılıb və bu əlaqələrin daha böyük perspektivlərə yönəlməsi üçün xüsusi addımlar atılır. Bu baxımdan Azərbaycan və Türkiyə prezidentlərinin Antalyadakı son görüşü mühüm əhəmiyyət daşıyır. Çünki hər iki ölkə strateji müttəfiqdir və beynəlxalq arenada demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edərək bir-birini dəstəkləyirlər:

"İndiki mərhələdə dünya yeni bir dövrə qədəm qoyur və bu kontekstdə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla növbəti dəfə bir araya gəlməsi, qarşıda duran vəzifələri müzakirə etməsi mühüm bir prosesin başlanğıcı hesab oluna bilər. Çünki dünya nizamı yenidən qurulmaq üzrədir və bu prosesdə həm Türkiyə, həm də Azərbaycan mühüm rol oynamaq iddiasındadır".

Elçin Xalidbəyli: Azərbaycan-Türkiyə ittifaqı yaxın gələcəkdə yeni dünya düzəninin formalaşdırılmasında həlledici rol oynaya bilər

Onun sözlərinə görə, Türkiyə bu gün yalnız regional deyil, eyni zamanda qlobal güc mərkəzinə çevrilmək istiqamətində ciddi addımlar atır. Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan isə artıq Cənubi Qafqazda lider mövqeyini təsdiqləyib və bu status həm regional ölkələr, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Eyni zamanda Azərbaycanın qlobal nüfuzu da artmaqdadır. Ölkəmiz artıq beynəlxalq proseslərdə aktiv iştirak etməklə əsas qərarverici qüvvələr sırasına daxil olmağa başlayıb. Bu isə göstərir ki, Azərbaycan təkcə regional lider statusu ilə kifayətlənmir, həm də qlobal səviyyədə siyasi iradə mərkəzi kimi çıxış etməyə çalışır.

"Azərbaycan-Türkiyə ittifaqı yaxın gələcəkdə yeni dünya düzəninin formalaşdırılmasında həlledici rol oynaya bilər. Bu baxımdan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın belə mühüm bir mərhələdə görüşməsi, qarşılıqlı əməkdaşlıq perspektivlərini və strateji hədəfləri müzakirə etməsi xüsusi əhəmiyyət daşıyır. Bu cür görüşlər yalnız iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə deyil, həm də Azərbaycan-Türkiyə ittifaqının beynəlxalq səviyyədə əsas siyasi güc mərkəzlərindən birinə çevrilməsi prosesinə töhfə verir",- politoloq qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR