Çin hibrid maşınların ixrac şərtlərini sərtləşdirib.
Bakıvaxtı.az-ın məlumatına görə, yeni qaydalara əsasən, qeydiyyata alındıqdan sonra 6 aydan az müddət keçmiş istifadə olunmuş avtomobillərin ixracı üçün şirkətlər gömrük orqanlarına xüsusi sənəd təqdim etməlidirlər. Bu sənəd “Satışdan sonrakı xidmət üzrə təsdiq” adlanır.
Ölkəmizdə də bu maşınlara maraq çoxdur. Qaydaların digər hissəsi avtomobillərin texniki xüsusiyyətləri və sertifikatları barədə məlumatların daha ciddi şəkildə toplanmasına və yoxlanmasına aiddir. Əsas dəyişiklik 6 aydan az qeydiyyatda olan istənilən ikinci əl modelin ixracı üçün artıq istehsalçının faktiki icazəsinin tələb olunmasıdır.
Ölkəmizdə Çin maşınlarına artan tələbatı nəzərə alsaq, yeni şərtlər Azərbaycan avtomobil bazarına necə təsir edəcək? Azərbaycanda Çin maşınlarının sayı azala bilərmi?
Bu sualları Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev Bakıvaxtı.az-a açıqlamasında cavablandırıb.
Onun sözlərinə görə, Çinin daxilində tətbiq olunan yeni qaydalar Azərbaycan bazarında fərdi şəxslər tərəfindən, yəni alverçilər vasitəsilə gətirilən avtomobillərin sayının azalmasına səbəb olacaq:
"Əslində Çin avtomobilləri ölkəmiz üçün təhlükəlidir. Bu avtomobillər ölkəyə xüsusən fərdi şəxslər tərəfindən yeni avtomobil adıyla gətirilsə də, Çində bu avtomobillər "ikinci əl" sayılır. Çünki bu avtomobillər Çində satış qeydiyyatına alınıb. Hibrid avtomobillərlə bağlı 6 aylıq müddətin tətbiqi, 13 faizlik subsidiyanın qismən və ya tamamilə ləğvi ölkəmizdə bu avtomobillərin qiymətinin bahalaşmasına yol açacaq. Bu, o deməkdir ki, sözügedən avtomobillərin qiyməti əvvəllər rəsmi dilerlərin təqdim etdiyi zəmanətli avtomobillərdən ucuz olsa da, artıq ortada ciddi qiymət fərqi olmayacaq. Yəni, maksiumum fərq 500-1000 manat civarında olacaq. Normal insan bu məbləğə görə zəmanətsiz avtomobil almaz".
E.Əliyev vurğulayıb ki, qeyd olunan avtomobillər Çinin daxili bazarı üçün hazırlanıb. Bu avtomobillər ölkədən çıxanda artıq bir neçə dəfə əl dəyişmiş olur. Ona görə də bu avtomobillər ölkəmizə çatanda artıq müəyyən texniki qüsurlar aşkarlanarsa, geri qaytarılması çətinləşir.

Eyyub Əliyev: Çin maşınları ölkəmizə çatanda artıq müəyyən texniki qüsurlar aşkarlanarsa, geri qaytarılması çətinləşir
"Dünya praktikasına görə, avtomobillərin zavod qüsuruna görə geri qaytarma kampaniyası olur. Bu kampaniyalar çərçivəsində avtomobil ya tam olaraq müştəridən alınır və yenisi ilə əvəz olunur, ya da həmin avtomobilin olduğu ölkənin rəsmi serverində ödənişsiz halda qüsurun aradan qaldırılması həyata keçirilir. Nəzərə alaq ki, ölkəmizə fərdi şəxslər tərəfindən gətirilən avtomobillərin heç bir beynəlxalq zəmanəti yoxdur və geri qaytarılma kampaniyası olarsa, azərbaycanlı müştəriyə heç kim məlumat verməyəcək. Ona görə də mövcud qüsur yollarımızda təhlükəli hadisələrə səbəb ola bilər", - deyə müsahibimiz izah edib.
Eyyub Əliyev onu da qeyd edib ki, ölkəmizin yerli istehsalı mövcuddur. 2026-cı ildən etibarən yerli istehsala daha çox diqqət ayrılacaq. Belə ki, artıq innovativ avtomobillərin buraxılması istiqamətində işlər görülür:
"Ümid edirəm ki, yerli istehsal bazarda olan tələbatı yaxşı şərtlərlə tam şəkildə doldura biləcək".
Gülşən Şərif
Bakı 




