• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Dahi lider, böyük ziyalı: Ulu öndərin ideologiyası davam etdirilir

LAYİHƏ

31 Mart 2026 | 11:10

Dahi lider, böyük ziyalı: Ulu öndərin ideologiyası davam etdirilir

6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”;

Hər bir xalqın tarixi, onun liderlərinin uzaqgörən siyasəti və qərarlı addımları ilə ölçülür. Azərbaycan üçün bu lider Ulu öndər Heydər Əliyevdir. Onun fəaliyyəti yalnız siyasi hakimiyyət sahəsində deyil, həm də cəmiyyətin mənəvi, mədəni və intellektual inkişafında dərin izlər qoyub.

Ümummilli Lider Heydər Əliyev mürəkkəb tarixi dönəmlərdə Azərbaycanın milli maraqlarını qorumağı bacardı, xalqın birliyini təmin etdi və gələcək nəsillərin vətənpərvər ruhda yetişməsinə diqqət ayırdı.

Ulu öndər Heydər Əliyevin ideyaları və strategiyaları ölkənin sosial-iqtisadi inkişafına yönəlmişdi və bu strategiyalar hələ o dövrdə Azərbaycanın gələcək uğurlarının möhkəm təməlini qoymuşdu. Ümummilli Lider Heydər Əliyev həm də dövlət idarəçiliyi, həmçinin milli şüurun formalaşması məsələlərinə böyük önəm verirdi. Onun təşəbbüsü ilə gənc nəslin təhsili və hərbi kadrların hazırlanması üçün mühüm layihələr həyata keçirildi. Bu layihələr, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və gənc mütəxəssislərin ölkəyə xidmət göstərməsinə imkan yaratdı.

Heydər Əliyevin liderliyi dövründə formalaşan dövlətçilik prinsipləri, bugünkü müstəqil Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə möhkəm zəmin rolunu oynayır. Ulu öndər Heydər Əliyev yalnız bir dövlət xadimi deyil, həm də xalqının gələcəyini düşünən uzaqgörən lider kimi tarixdə iz qoyub. Onun siyasəti və ideyaları bu gün də Azərbaycanın hər bir uğurunda öz əksini tapır və ölkəmizin gələcək inkişaf strategiyalarına ilham verir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən  Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev ölkənin gələcəyi üçün dayanıqlı və möhkəm təməl yaratmaq məqsədilə qətiyyətli addımlar atdı:

"Onun bu dövrdə həyata keçirdiyi siyasət yalnız iqtisadi və sosial sahələrdə deyil, həm də milli şüurun inkişafında və azərbaycançılıq ideyasının formalaşmasında misilsiz rol oynadı".

Vüqar Rəhimzadənin sözlərinə görə, Ulu öndər Heydər Əliyev gənc nəsilin vətənpərvər, savadlı və dünyagörüşünə malik şəxsiyyət kimi yetişməsi üçün hərtərəfli işlər gördü. Bu istiqamətdə xüsusi önəm daşıyan tədbirlərdən biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi. Minlərlə Azərbaycan gənci o dövrdə keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazandı. Bu gənclər sonrakı illərdə müstəqil Azərbaycanın inkişafına öz bilik və bacarıqları ilə böyük töhfələr verdilər.

"Heydər Əliyevin 1969-1982-ci illərdəki hakimiyyəti dövrü Azərbaycanın inkişaf tarixində zəngin təcrübə və uğurlar dövrü kimi qiymətləndirilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Birinci katib seçilməsi ölkənin gələcək inkişaf strategiyasının əsaslarını müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafını prioritet məsələ kimi irəli çəkərək ölkəmizi geridə qalmış respublikadan sürətlə inkişaf edən bir diyara çevirdi. Bu dövrdə ağır və yüngül sənaye sahələri canlandırıldı, kənd təsərrüfatı modernləşdirildi, sosial infrastruktur genişləndirildi, elmi-tədqiqat işləri yüksək səviyyədə aparıldı",- parlament üzvü vurğulayıb.

Vüqar Rəhimzadə: Ulu öndərin düşünülmüş və uzaqgörən xarici siyasət strategiyası nəticəsində Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı

Müsahibimiz onu da əlavə edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edən “Əsrin müqaviləsi”ni imzalayaraq ölkəmizin qarşısında yeni perspektivlər açdı. Həmçinin, bu dövrdə yaradılan Dövlət Neft Fondu neft gəlirlərinin şəffaf idarə olunmasını təmin edərək iqtisadiyyatın şaxələndirilməsinə və mühüm sosial-iqtisadi layihələrin reallaşmasına imkan yaratdı:

"Ulu öndərin düşünülmüş və uzaqgörən xarici siyasət strategiyası nəticəsində Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, diaspor quruculuğu sürətləndi və dünya azərbaycanlıları bir amal ətrafında birləşdi. Naxçıvan dövründə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü də bu siyasətin nəticəsi olaraq tarixə keçdi".

Sonda Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin əsas arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və xalqımızın təhlükəsizliyinin qorunması idi. Bu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfər qazandı. Şuşa və digər işğal altında olan torpaqlarımız azad edildi, Azərbaycanın beynəlxalq nüfuzu və siyasi çəkisi daha da artdı:

"1969-cu il iyulun 14-də Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün atdığı addımlar yalnız ölkəmizin inkişafına yönəlmiş strateji siyasətin başlanğıcı olmaqla qalmadı, eyni zamanda müstəqil Azərbaycan dövlətinin uğur və zəfərlərlə dolu gələcəyinə zəmin yaratdı. Bu gün Azərbaycan xalqı onun qoyduğu təməl üzərində daha güclü, daha müstəqil və qalib bir dövlət kimi dünya arenasında öz sözünü deyir".

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR