Havaların soyuması ilə dəm qazından zəhərlənmələr də başlayıb.
Bakıvaxtı.az xatırladır ki, təkcə son 2 gündə 6 nəfər dəm qazından zəhərlənib: onlardan 2 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dəm qazı yanma prosesi düzgün getmədikdə əmələ gəlir: “Ona görə, mütləq stamdartlara cavab verən qaz sobalarından istifadə etmək, qaz cihazlarına kənar müdaxilə etməmək lazımdır. Qaz cihazlarına kənar müdaxilələr olarsa, qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa onda dəm qazı əmələ gəlir”. Ekspert onu da qeyd edib ki, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, orada hava ventilyasiyası, sovrulması olmur, bu da yanma prosesini çətinləşdirir. Kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir.
Onun sözlərinə görə, evin havası səhər və axşam gün ərzində iki dəfə dəyişdirilməlidir: “Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Əgər evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamalı, daha sonra işıqları yandırmalıyıq”.
Ekspert qeyd edib ki, dəm qazının 95%-i hamam otaqlarında əmələ gəlir: “Qışda insanların qaza olan təlabatları daha çoxdur. Hava soyuq olduğu üçün insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da demək olar ki, olmur”. E.Nurəliyev bildirib ki, bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insan ölümünə 7 dəqiqə kifayət edir: “Hamam otaqlarında olan zaman mütləq nəfəsliklər açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar”.
Aytac Aslan
















