• Bakı 22° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Deputat: WUF13 Azərbaycanın gələcəyinə böyük etimaddır

SİYASƏT

20 May 2026 | 11:00

Deputat: WUF13 Azərbaycanın gələcəyinə böyük etimaddır

Azərbaycanın ev sahibliyi etdiyi World Urban Forum 13 (WUF13) təkcə beynəlxalq tədbir kimi deyil, həm də ölkəmizin müasir inkişaf modelinin, şəhərsalma siyasətinin və dayanıqlı gələcəyə baxışının dünyaya təqdimatı baxımından tarixi əhəmiyyət daşıyır. Forumun məhz Bakıda keçirilməsi Azərbaycanın artıq regional çərçivəni aşaraq qlobal müzakirələrin aparıldığı əsas platformalardan birinə çevrildiyini göstərir.

Bu sözləri Bakıvaxtı.az-a deputat Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün yalnız enerji və geosiyasi layihələrlə deyil, həm də humanitar diplomatiya, ekoloji yanaşma, ağıllı şəhər konsepsiyası və dayanıqlı urbanizasiya istiqamətində nümunəvi model ortaya qoyur:

“Cənab Prezident İlham Əliyev çıxışında çox mühüm mesajlar verdi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ layihələrinin beynəlxalq səviyyədə diqqət çəkən modelə çevrilməsi xüsusi vurğulandı. Bu yanaşma göstərir ki, Azərbaycan sadəcə dağıdılmış şəhərləri bərpa etmir, eyni zamanda gələcəyin şəhərlərini qurur. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yaşıl enerji prinsipləri, ekoloji tarazlığın qorunması və innovativ şəhərsalma həlləri artıq bir çox ölkələr üçün maraqlı təcrübə hesab olunur”.

Həmsöhbətimiz bildirib ki, forumun Bakıda keçirilməsi ölkə üçün bir sıra strateji imkanlar yaradır:

“İlk növbədə bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir, dayanıqlı inkişaf sahəsindəki təşəbbüslərin qlobal müstəviyə çıxarılmasına xidmət edir. Digər tərəfdən, müxtəlif ölkələrdən gələn ekspertlər, investorlar və beynəlxalq təşkilatlar üçün Azərbaycan yeni əməkdaşlıq məkanı kimi təqdim olunur. Bu isə gələcək investisiyalar, urbanizasiya layihələri, yaşıl texnologiyalar və innovativ həllər baxımından mühüm perspektivlər açır”.

Deputat əlavə edib ki, Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi etibarlı mərkəz statusunu daha da möhkəmləndirir:

“COP29, beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoq platformaları və indi də WUF13 Azərbaycanın qlobal gündəliyin fəal iştirakçısına çevrildiyini təsdiqləyir. Bu forum həm də gənclər, memarlar, şəhərsalma mütəxəssisləri və vətəndaş cəmiyyəti üçün geniş imkanlar yaradır”.

Parlamentari vurğulayıb ki, dövlət başçısının çıxışında insan amili xüsusi ön plana çəkilib. Şəhərlər yalnız binalardan ibarət məkan kimi deyil, insanın rahat, təhlükəsiz və keyfiyyətli yaşaması üçün formalaşdırılan sosial mühit kimi təqdim olunur. Bu isə Azərbaycanın inkişaf strategiyasında vətəndaş rifahının mərkəzi yer tutduğunu bir daha göstərir:

“WUF13 Azərbaycanın gələcəyinə, şəhərlərinin inkişafına və beynəlxalq mövqeyinə verilən böyük etimaddır. Bu forum ölkəmizin dünyaya açılan yeni inkişaf mesajıdır və əminəm ki, Bakı bu mötəbər tədbiri ən yüksək səviyyədə təşkil edərək yenə də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq”.

Murad İsmayıl


SON XƏBƏRLƏR

19 May 2026