“Valyuta dəyişmə məntəqələrində xarici valyutaların, o cümlədən dollar və avronun alış-satış kursu arasındakı fərqlər minimumlaşsa da, sistem əhəmiyyətli banklarda konvertasiya məzənnələri arasındakı kəskin fərq qalmaqdadır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, nağdsız hesablaşmalar üçün xarici valyutanı, xüsusilə də avronu kifayət qədər aşağı məzənnə ilə alan bir sıra banklar onu daha yüksək kurs ilə satırlar:
“Sistem əhəmiyyətli bir sıra banklar avronu 1,88 manat məzənnəsi ilə alır, lakin 1,95 kursu ilə təklif edir. Bu isə biznesin və xüsusilə də fərdi sahibkarların konvertasiya, yəni valyuta alqı-satqısı zamanı vəsait itirilməsinə səbəb olur”.
Vüqar Bayramov qeyd edib ki, əslində, konvertasiya məzənnələri arasındakı kəskin fərq sistem əhəmiyyətli bankların sektordakı aparıcı mövqelərindən istifadə kimi də xarakterizə olunmalıdır:
“Bu məsələnin Mərkəzi Bank tərəfindən tənzimlənməsinə ehtiyac var. Mərkəzi Bankın liberal iqtisadiyyat prinsiplərinə uyğun valyuta konvertasiyası ilə bağlı yeni qaydalar müəyyənləşdirməsi məqsədəuyğun olardı. Bank sektorundakı rəqabətin daha da gücləndirilməsi də bu tip halların minimumlaşdırılmasına səbəb ola bilər”.
Ramid İbrahimov
















