Ukrayna Rusiyaya şok yaşadıb. Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiya ərazisində həyata keçirdiyi dron əməliyyatı ilə Rusiyanın strateji aviasiyasına ölümcül zərbə endirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Ukrayna kəşfiyyatı Murmansk və İrkutsk vilayətlərində yerləşən Olenya və Belaya hərbi hava bazalarına sızaraq kütləvi dron hücumu təşkil edib. Hücum nəticəsində 40-dan çox strateji bombardmançı - Tu-95 və Tu-22 M3 təyyarələri, eləcə də A-50 tipli erkən xəbərdarlıq (RLS) hava gəmisi sıradan çıxarılıb.
Maraqlısı odur ki, dronlar Ukraynadan yox, Rusiyanın öz içindən buraxılıb. Rusiya ərazisinə yük maşınları ilə gətirilən pilotsuz sistemlər bazaların yaxınlığında gizlədilərək, koordinasiyalı şəkildə aktivləşdirilib.
Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a deyib ki, Rusiya son aylarda Ukrayna cəbhəsində təşəbbüsü ələ almışdı.
Ekspert vurğulayıb ki, hətta Rusiya prezidenti Xarkov, Sumı vilayətində "bufer zona" yaradılmasından danışırdı:
"Rusiya ABŞ prezidenti Donald Trampın 30 günlük atəşkəs təklifini və sülh planını da rədd edib. Amma bununla yanaşı, danışıqların manipulyasiyası aparılırdı. İstanbulda danışıqların birinci raundu keçirildi və Moskva öz təkliflərini verdi. Yəni danışıqlar prosesi dalana dirənmişdi. Bir neçə gün öncə Tramp Rusiya prezidenti haqqında etikadan kənar ifadələr işlətdi. Həmçinin, Rusiyanın cəzalandırılacağını da istisna etmədi. İstanbul görüşü ərəfəsində Rusiya yenə də Xarkov, Sumı istiqamətlərində atəşi gücləndirdi. Kiyevə çox güclü şəkildə zərbələr vurdu. Rusiya İstanbul danışıqlarında Qərbə və Ukraynaya öz şərtlərini diktə edir, tələblərini irəli sürürdü. Nəticəsi nə oldu? Ukrayna Rusiyaya qarşı "hörümçək toru" əməliyyatı həyata keçirildi və kosmosdan süni intellekt vasitəsi ilə idarə olundu".
Məhəmməd Əsədullazadə: Bu, sıradan bir əməliyyat deyil, məqsəd Rusiyanı atəşkəsə məcbur etməkdir
Analitik qeyd edib ki, bu, XXI əsrdə tayı-bərabəri olmayan bir əməliyyat idi:
"Əməliyyat Ukraynadan 4500 km kənardan, yəni Rusiya ərazisindən həyata keçirilib. Sibirdə Rusiyanın bombardmançı təyyarələri vurulub. Bu, onu göstərir ki, deməli Rusiyanın siyasi elitasında, kəşfiyyatında çox ciddi şəkildə axsamalar, korrupsiya var. Deməli, Ukrayna kəşfiyyatı onların bir çoxunu bu əməliyyatı həyata keçirmək üçün ələ alıb. Bu, sıradan bir əməliyyat deyil. Məqsəd Rusiyanı atəşkəsə məcbur etməkdir. Bu, Rusiyaya bir mesaj idi".
Aydın Baxış