Avstraliyanın "Qantas" aviaşirkəti çoxdan gözlənilən "Project Sunrise" layihəsi çərçivəsində Sidney - London marşrutunu reallaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Bildirilib ki, dünyanın ən uzun məsafəli fasiləsiz sərnişin reysinin istifadəyə verilməsi 2027-ci ilin oktyabr ayına planlaşdırılır. Məlumata görə 16 min kilometrdən çox uçuş məsafəsi olan bu reys ilk dəfə iki şəhəri bir dəfə də olsun eniş etmədən birləşdirəcək. Sidney və London arasında uçuşun müddəti 19 saatdan 22 saata qədər olacaq.
Bundan əlavə "Project Sunrise" layihəsi çərçivəsində Sidney - London reysindən sonra növbəti marşrut kimi Sidney - Nyu-York reysi artıq təsdiqlənib. Bu reyslərin istifadəyə verilmə tarixləri gələn il elan ediləcək. "Qantas" aviaşirkəti Sidney - London marşrutu üzrə xidmət göstərəcək xüsusi olaraq təkmilləşdirilmiş ilk "Airbus A350-1000ULR" təyyarəsini artıq təqdim edib.
Qeyd edək ki, hazırda ən uzun müntəzəm fasiləsiz sərnişin reysi "Singapore Airlines"ın Sinqapur və Nyu-York arasında uçuşudur: təyyarə 15 349 kilometri 19 saatdan az müddətə qət edir.
Bakı 



