ABŞ və İran arasında əldə olunmuş atəşkəs memorandumunun öz əhəmiyyətini itirməsi və qarşılıqlı zərbələrin bərpası regionda genişmiqyaslı savaş ehtimalını yenidən ön plana çıxarıb. Tərəflərin kompromis limitinin olmaması - ABŞ üçün qlobal nüfuz və daxili siyasi ittihamlar, İran üçün isə rejimin daxili sabitliyi və hakimiyyət dəyişikliyi riski sülh danışıqlarını sadəcə formal xarakterə salır.
ABŞ və İran arasındakı bu formal proses nə vaxta qədər davam edə bilər? Tərəflərin güzəştə getmədiyi bu qapalı dairə qaçılmaz olaraq hərbi məğlubiyyətlə bitəcək bir savaşa doğru gedir?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İran arasında imzalanmış atəşkəs memorandumu artıq öz əhəmiyyətini itirmiş kimi görünür. Çünki hər iki tərəf qarşılıqlı zərbələri bərpa ediblər. Bu da o deməkdir ki, daha genişmiqyaslı savaş ehtimalı indi ön plana keçib:
"Əslində, bu iki dövlətin sülh danışıqları masası arxasına oturmasının özü də absurd bir proses idi. Hər iki tərəf sülh masasının arxasına oturarkən əmin idi ki, anlaşma əldə olunmayacaq. Çünki hər iki tərəfin geri çəkilmə, yəni kompromisə getmə limiti demək olar ki, mövcud deyil.
Əgər ABŞ İrana güzəştə gedərsə, o zaman beynəlxalq nüfuzu sarsılmış olacaq. Eyni zamanda İran ABŞ-nin qlobal statusuna şərik çıxmağa çalışacaq".

Elçin Xalidbəyli: İran ABŞ-nin bu barədə tələblərini qətiyyən qəbul eləmir
Politoloqun sözlərinə görə, digər tərəfdən də önəmli olan məqamlardan biri ondan ibarətdir ki, ABŞ İran savaşında, yəni Yaxın Şərqdəki bu savaşda qarşıya qoyduğu hədəflərinə qətiyyən nail olmayıb. Əsas hədəf İranın nüvə proqramının dayandırılması, ləğvi ilə bağlı tələblərin yerinə yetirilməsi idi və İran bu tələbləri yerinə yetirməyib. ABŞ da hərbi zərbələrlə İranın nüvə obyektlərini tamamilə sıradan çıxartmağa nail olmayıb:
"Ona görə də danışıqlar prosesinin əsas mövzusu bununla bağlıdır. İran ABŞ-nin bu barədə tələblərini qətiyyən qəbul eləmir. Bu da o deməkdir ki, əvvəl-axır bu iki dövlət arasında daha genişmiqyaslı savaşın baş verməsi qaçılmazdır.
Hər iki tərəf kompromisə hazır deyil. Çünki əgər ABŞ kompromisə gedərsə, bu, ABŞ üçün qlobal məkanda ciddi problemlər yaradacaq. Eyni zamanda Tramp administrasiyası üçün də ölkədaxili siyasi proseslərdə ittiham kampaniyasının daha da genişlənməsinə yol açar".
İrana gəldikdə isə, Elçin Xalidbəyli qeyd edib ki, kompromis İrandakı siyasi rejim üçün olduqca ciddi təhlükə, riskdir. Dediyinə görə, çünki bu halda İrandakı siyasi rejimin ölkədaxili nüfuzu və təsirləri ciddi şəkildə aradan qalxmağa başlaya bilər. Bu da İranda hakimiyyət dəyişikliyi ehtimalını ön plana çıxara bilər:
"Yəni bu anlamda, hər iki tərəf bütün bunları nəzərə alanda sülh danışıqlarını real nəticələrlə yekunlaşdırmağa qətiyyən hazır deyillər. Sadəcə belə anlaşılır ki, hər iki tərəf sülh danışıqlarını formal olaraq davam etdirirlər və bundan da elə bir ciddi nəticə artıq gözlənilmir. Böyük ehtimalla bu oyun iki tərəfdən birinin hərbi məğlubiyyətinə qədər davam edə bilər".
Zeynəb Rzayeva
Bakı 



