Azərbaycan Respublikasının yeganə azad iqtisadi zonası olan Ələt Azad İqtisadi Zonası (ƏAİZ), ölkəmizin beynəlxalq iqtisadi arenada mövqeyini gücləndirmək üçün yaradılıb. Zonanın fəaliyyəti haqqında məlumat verən rəsmi internet saytı isə beynəlxalq investorlara xitab edir və yalnız ingilis dilində fəaliyyət göstərir.
Lakin bu vəziyyət, zonanın yerli biznes icması ilə əlaqələrini zəiflədir. Azərbaycan qanunvericiliyinin yerli sahibkarlara verdiyi üstünlüklər fonunda saytın Azərbaycan dili versiyasının olmaması, bir çox yerli sahibkar üçün zonanın imkanlarından xəbərdar olmağı mümkünsüz edir. Bu, sadə bir texniki məsələ deyil, iqtisadi əhatə dairəsini daraldan ciddi bir problemdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-alim Eldəniz Əmirovun sözlərinə görə, o bu məsələni zonanın nümayəndələrinə bildirib, qeyd edib ki, bu proses çox vacib bir çatışmazlıqdır:
"Saytın anadilli versiyasının olması investisiya mühitinə müsbət təsir edər, zonanın öz imicini gücləndirər, dövlət dilinə hörmətin göstəricisi olar və ən əsası, yerli sahibkarlar üçün məlumatı daha əlçatan edər. Hər kəsin ingilis dilini bilməsi kimi bir öhdəliyi yoxdur. Üstəlik, qanunvericiliyə görə, yerli sahibkarlar və KOB-lar da bu zonadan yararlana bilər. Rezidentlərə xidmət və təchizat göstərə, müqavilə bağlayaraq xammal, avadanlıq, maliyyə və digər xidmətlər təqdim edə bilirlər. Hətta bunun üçün üstünlüklər də mövcuddur. Yəni bu zona təkcə xarici investorlar üçün deyil, Azərbaycan sahibkarları üçün də imkanlar açır".
Onun sözlərinə görə, sayt kifayət qədər funksional hazırlanıb, amma dil seçimi çatışmazlığının aradan qaldırılması çox vacibdir:
"Elə bu səbəbə görə hətta Asiyadan tutmuş Avropaya qədər hansı ölkələrin azad iqtisadi zonasının saytına daxil olsaq, öz doğma dillərində versiyasını görə bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda ƏAİZ saytını da Azərbaycan dilində də görəcəyik".
Məsələ ilə bağlı Ələt Azad İqtisadi Zonasının rəsmi mövqeyini işıqlandırmağa hazırıq.
Əli Hüseynov