Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Əminə Yusifqızının sənəti hər zaman yaşayacaq.
“Əminə xanım böyük sənətkar idi, bu gün burada onun haqqında danışmaq çox çətindir”, - o deyib.
Xalq artisti Fərhad Bədəlbəyli isə qeyd edib: “Əminə Yusifqızı mənim üçün çox əziz insan idi. Atamla birgə çalışıb və birlikdə neçə-neçə gözəl tədbirlər təşkil ediblər. Əminə Yusifqızı həm gözəl, həm də azad xanım idi. Heç kimin qarşısında başını aşağı salmazdı, heç kimdən heç nə xahiş etməzdi. Onun səsi daim yaşayacaq.”
Xalq artisti Şəfiqə Məmmədova isə onun səsini ilahi səs adlandırıb: “Onun televiziya layihələri, səsləndirdiyi filmlər, bədii qiraəti doğrudan da bənzərsiz idi. Əminə Yusifqızı daim qəlbimizdə yaşayacaq.”
***
11:48
Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak edirlər.
Qeyd edək ki, Əminə Yusifqızı bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
***
10:00
Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək.
Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.