Müasir dövrdə ixtisas seçimi yalnız maraqlara deyil, həm də maddi təminata əsaslanır. Əmək bazarının dinamikası və texnologiyanın sürətli inkişafı bəzi peşələrin daha yüksək əməkhaqqı ilə qiymətləndirilməsinə səbəb olur. Xüsusilə informasiya texnologiyaları, maliyyə, tibb və hüquq sahələrində çalışan mütəxəssislər əmək bazarında ən yüksək qazanc əldə edənlər sırasındadır.
Maraqlıdır, ən yüksək əməkhaqqı alanlar da bu sahə adamlarıdır?
Bakıvaxtı.az-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında təhsil-eksperti Elçin Əfəndi bildirib ki, hazırda Azərbaycanda ən yüksək əməkhaqqı alan ixtisas sahələri əsasən maliyyə, neft-qaz və informasiya texnologiyalarıdır:
“Bu sahələr əmək bazarında ən perspektivli hesab olunur və yüksək gəlir təmin edir. Eyni zamanda, həkimlik, tibb və hüquq sahələri də gəlirli və tələb olunan ixtisaslar sırasındadır”, - deyə o qeyd edib.
Ekspert bildirir ki, maliyyə ixtisası üzrə təhsil alanların hamısı mütləq ixtisası üzrə işləməsə də, ümumi tendensiya bu sahələrin gələcəkdə də önəmli olacağını göstərir:
“Sosial baxımdan isə yüksək maaş alan sahələrin üstünlük təşkil etməsi əmək bazarında bərabərsizlik yarada bilər və ixtisas seçimlərinə təsir göstərir. Beləliklə, ölkədə iqtisadi inkişaf və əmək bazarının tələblərinə uyğun olaraq, maliyyə, neft-qaz, informasiya texnologiyaları, səhiyyə və hüquq sahələri ən perspektivli ixtisas sahələri kimi diqqət mərkəzindədir”, - deyə ekspert diqqətə çatdırıb.