OPEC+ hasilat artımı fonunda qlobal neft bazarında müşahidə olunan dəyişikliklər son günlər enerji təhlükəsizliyi ilə bağlı yeni suallar doğurur. “Hasilatın artırılması regional enerji təhlükəsizliyi üçün risk yaradırmı?” sualı xüsusilə Xəzər hövzəsində fəaliyyət göstərən ölkələr üçün aktuallaşıb.
Qlobal bazarda qiymət volatilliyi artsa da, region dövlətlərinin, o cümlədən, Azərbaycanın əsas prioriteti enerji marşrutlarının təhlükəsizliyinin təmin olunması, hasilatın sabit saxlanması və mövcud nəql infrastrukturunun fasiləsiz işləməsidir.
Hasilat və qiymət dinamikasında baş verən dəyişikliklər fonunda regional təhlükəsizlik mühitinin necə formalaşdığı diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, Azərbaycan üçün regional təhlükəsizlik anlayışı ilk növbədə Xəzər hövzəsindəki sabitliklə bağlıdır.
"Xəzər dənizi ölkənin enerji siyasətində strateji əhəmiyyət daşıdığı üçün burada yaranan hər bir proses hasilatın davamlılığına, nəql marşrutlarının təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığa birbaşa təsir edir. Hazırkı mərhələdə regionda ciddi təhlükə və ya təhdid müşahidə olunmur və bu, Azərbaycanın enerji ixracını sabit şəkildə həyata keçirməsinə şərait yaradır",- deyə müsahibimiz bildirib.
Onun sözlərinə görə, OPEC+ tərəfindən hasilatın azaldılması ilə bağlı atılan addımlar nəzəri olaraq neftin qiymətinə təsir etməli olsa da, oktyabrdan bəri bazarda ciddi dəyişiklik qeydə alınmayıb:
"Neft qiyməti 65 dollar səviyyəsindən yuxarı qalxmır. Bunun əsas səbəbi qlobal iqtisadiyyatın hazırkı durumudur. Dünyada iqtisadi artım templəri zəifdir və bir çox ölkələr hələ bərpa prosesini tam başa vurmayıb. Bu səbəbdən yüksək neft qiymətləri dünya iqtisadiyyatı üçün əlavə yük yarada bilər və bazar bu səviyyəni “həzm edə” bilmir. Hazırkı qiymət həm istehlakçı, həm də istehsalçı ölkələr üçün məqbul sayılır".

İlham Şaban: Hazırda Azərbaycan hasilat həcmlərini planlı şəkildə idarə edir
Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan üçün regional təhlükəsizlik anlayışı ilk növbədə enerji resurslarının fasiləsiz və təhlükəsiz şəkildə qlobal bazarlara çıxarılması ilə bağlıdır:
"Bu baxımdan ölkə “regional təhlükəsizlik” dedikdə, hasil etdiyi nefti və qazı mövcud infrastrukturun imkan verdiyi maksimum səviyyədə dünya bazarına çatdırmaq imkanını nəzərdə tutur. Hazırda Azərbaycan hasilat həcmlərini planlı şəkildə idarə edir, neft və qaz ixracı isə beynəlxalq marşrutlar üzərindən sabit şəkildə həyata keçirilir".
Sonda İ.Şaban əlavə edib ki, Azərbaycan üçün enerji təhlükəsizliyi sabit ixrac, etibarlı tranzit və Xəzər hövzəsində geosiyasi sabitliyin qorunması deməkdir:
"Mövcud şərait ölkəyə hasil etdiyi resursları qlobal bazara heç bir maneə olmadan çıxarmağa imkan verir və bu, regional təhlükəsizliyin əsas göstəricisi kimi qiymətləndirilir".
Əli Hüseynov
Bakı 



