• Bakı 25° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Enerji sərgisi peşəkarların diqqətini saxlamaqdadır - ŞƏRH

İQTİSADİYYAT

03 Iyun 2025 | 16:48

Enerji sərgisi peşəkarların diqqətini saxlamaqdadır - ŞƏRH

 “”Bakı Enerji Həftəsi” 1994-cü ildən bu yana sadəcə pandemiya dönəmində keçirilməyib”.

Bunu Bakıvaxtı.az-a neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ölkəmizdə keçirilən “Baku Energy Week”lə bağlı danışarkən deyib.

Budəfəki tədbirin yubiley tədbiri olduğunu deyən İ.Şaban bildirib ki, bu, enerjinin bütün spketrlərini özündə əks etdirir:

“1995-ci ildən bu tərəfə keçirilən bütün enerji sərgilərində iştirak etmişəm. Gözlərimin önünə 30 illik dövrdə baş vermiş dəyişiklik gəlir. İlk sərgilər şəhərin mərkəzində keçirilirdi və orada haradasa 1 km-ə yaxın növbə yaranırdı. Onlar da şəhərimizin sakinləri idi. Çünki bu sərgi sosializmdən kapitalizmə keçidin əsasını qoyan böyük masştablı, kütləvi tədbir idi. Ancaq indiki tədbirlər hava limanının yaxınlığında, sərgilər üçün əlverişli Bakı Ekspo Mərkəzində keçirilir. Kontingentin 90 faizi professionallar, yəni sırf neftə, qaza aidiyyatı olanlardır. Dəyişməyən odur ki, Azərbaycan dövlət başçısı hər zaman bu tədbirlərin açılışını edib və mesajlar verilib. Bu praktika Ulu Öndər Heydər Əlyevdən başlayıb və cənab prezident İlham Əliyev tərəfindən bugünədək davam etdirilib. Prezident bir dəfə də olsun neft-qaz sərgisini diqqətdən kənarda saxlamayıb”.

İlham Şaban: Prezident bir dəfə də olsun neft-qaz sərgisini diqqətdən kənarda saxlamayıb

Müsahibimiz vurğulayıb ki, enerji şirkətlərinin diqqəti Bakıdadır. Həmçinin, Bakıdan enerjinin daşınmasından, hasilatından, regiona təsirindən tutmuş bir çox məsələdə mesajlar verilir:

“İllər keçsə də, zahiri dəyişikliklər olsa da, mahiyyət qalır. Bakıdakı enerji sərgisi özünün cazibədarlığını, peşəkarların diqqətini əvvəlki kimi saxlamaqdadır".

Qeyd edək ki, Bakıda Xəzər regionunun ən böyük tədbiri olan Bakı Enerji Forumu keçirilir. Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir.

Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir.

Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır. Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüş otaqları təşkil olunacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Iyun 2025