• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Ermənistan sülh müqaviləsi imzalamağa məcburdur: Paşinyan dünya ictimaiyyətini aldadır

SİYASƏT

27 Sentyabr 2024 | 16:44

Ermənistan sülh müqaviləsi imzalamağa məcburdur: Paşinyan dünya ictimaiyyətini aldadır

Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib:

"Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq".

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Bakıvaxtı.az-a açıqlamasında burada bir neçə məqsəd olduğunu bildirib.

Onun sözlərinə görə, birinci məqsəd odur ki, Ermənistan əslində sülhü imzalamağa məcburdur:

"Bu, dəyişməyən qaydadır. Məğlub olan ölkənin öhdəliyidir. Digər önəmli bir məsələ odur ki, BMT Baş Assambleyasının gedişində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü kontekstində Nikol Paşinyan da çıxış etdi. İrəvan hökuməti dünyaya göstərməyə çalışır ki, həm məğlub olub, həm də sülh istəyən tərəf Ermənistandır. Hətta konstitusiyasını belə dəyişməyə hazırdır, ancaq Azərbaycan bunu istəmir. Yəni məsuliyyəti Azərbaycana yükləyir. Demək istəyir ki, Ermənistan ən ağır şərtlərlə belə konstitusiyasında dəyişiklik etməyə hazırdır. Lakin Azərbaycan özünün Müstəqillik Bəyannaməsində və müəyyən konstitusion sənədlərində düzəliş etməkdən guya boyun qaçırır və s. Məqsəd belə bir təəssürat yaratmaqdır".

Əziz Əlibəyli, beynəlxalq məsələlər üzrə ekspert

Həmsöhbətimiz vurğulayıb ki, Paşinyan bunu Qərb mərkəzlərindəki görüşlərdə edir:

"Çünki bilir ki, Azərbaycan rəhbərliyi BMT tədbirində yoxdur. Paşinyan dünya ictimaiyyətini aldatmağa və onlarda Azərbaycan əleyhinə fikir formalaşdırmağa çalışır. Bu da bütün hallarda sülh müqaviləsinin imzalanmasına yox, Azərbaycanı suçlamaq və beynəlxalq ictimaiyyətin gözündən salmaqdır".

Aydın Baxış


SON XƏBƏRLƏR