"İnstitutu qurtarandan sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "Üzə-düz" proqramında deyib.
Xalq artisti sənət aləmindən küsdüyü deyərək, evdə oturub ölümünü gözlədiyini bildirib: "Söhbət küskünlükdən getmir. Bekar insanam. Menim də bekarçılıqdan təmiz zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Yaratmaq istəyirəm. Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki ailəlisən? Dedim subay. Dedi, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim day evləndim. İkisindən birini seçdim. Evdə öz özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim".
Məşhur "Bəxt üzüyü" filmindəki "Moşu" obrazından danışan V.Kərimov bu rolun ona çox mane olduğunu etiraf edib:
"İndi-indi hamı mənim adımı bilir, indiyə kimi "Moşu", xalq deyirdilər: Xalqın içindən çıxmış insandır. Orada xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqlugu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər məndən başqa. Təkcə filmim elə "Bəxt üzüyü"dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da alınmaz. Rədd eliyin getsin. Bu məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün".
















