Filippində son bir ay ərzində musson yağışları və tropik siklonların törətdiyi daşqınlar nəticəsində 32 nəfər həlak olub.
Bakıvaxtı.az “The Philippine Daily Inquirer” nəşrinə istinadən xəbər verir ki, fəlakət ümumilikdə 8 milyona yaxın ölkə sakininə mənfi təsir göstərib.
Ölənlərin əksəriyyəti şimaldakı Luson adasının payına düşür. Daha 3 nəfər itkin düşmüş hesab olunur, 26 minə yaxın sakin isə evlərini tərk edərək təxliyə mərkəzlərində sığınacaq tapmalı olub.
Güclü yağışlar ölkə infrastrukturuna da ciddi ziyan vurub. İlkin qiymətləndirmələrə görə, dəymiş ziyanın məbləği təxminən 100 milyon dollara çatır. Daşqınlar və torpaq sürüşmələri 2 900-dən çox evə, eləcə də yollara və körpülərə zərər vurub.
Filippin Meteorologiya Xidməti musson yağışlarının davam edəcəyini proqnozlaşdırır. Bununla əlaqədar olaraq, hakimiyyət orqanları artıq zərər çəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirilmiş rejimdə saxlayır.




