Avropa Şurası (AŞ) Fransa həbsxanalarının vəziyyətini pisləyərək, onların insan anbarlarına çevrilməsinə qarşı hesabat yayıb.
Bakıvaxtı.az-ın "LeMonde.fr"ə istinadən məlumatına görə, AŞ İşgəncələrin Qarşısının Alınması Komitəsinin (CPT) prezidenti Alan Mitçel Fransadakı həbsxana şəraitindən son dərəcə narahat olduğunu bildirib.
CPT nümayəndə heyəti 2024-cü ilin sonlarında Fransanın dörd həbsxanasına - Paris bölgəsindəki "Fleury-Mérogis" və "Fresnes", Marseldəki "Les Baumettes" və "Villefranche -sur-Saône" (Rhône), eləcə də "La Valentine" yetkinlik yaşına çatmayanların saxlanma mərkəzinə baş çəkib. Onların qiymətləndirməsi zamanı müəyyən olunub ki, həbsxanada həddindən artıq sıxlığın artması xüsusilə narahatedicidir.
CPT nümayəndə heyəti fiziki zorakılıqla bağlı etibarlı sübutlar toplayıb. Hətta zorakılıq o dərəcədə geniş yayılıb ki, bəziləri bu zorakılıqdan qorxaraq kameralarını tərk etməkdən imtina edirlər.

Hesabatda, ümumiyyətlə, məhbusların fəaliyyət qrafiki pislənir:
"Onlar gündə təxminən iyirmi saat, həftəsonları isə daha çox vaxtlarını kameralarında keçirirlər. Yetkinlik yaşına çatmayanlar bölmələrində təhsilin çox vaxt gündə bir və ya iki saatla məhdudlaşdırıldığı müşahidə olunur".
Rəsmi rəqəmlərə görə, 1 dekabr 2025-ci il tarixinə Fransada 63 min 613 həbsxana yeri üçün rekord sayda - 86 min 229 məhbus olub ki, bu da ümumi doluluq nisbətinin 136,5%-ni təşkil edir.
Aydın Baxış
Bakı 



