“Neokolonializm təkcə iqtisadi yox, həm də siyasi və təhlükəsizlik alətləri ilə həyata keçirilən sistemli siyasətdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu tarixçi Rizvan Hüseynov Fransanın neokolonial siyasəti, Cənubi Qafqaz və Şimali Afrika regionlarında geosiyasi proseslərə dair çıxışı zamanı deyib.
O bildirib ki, Fransa tarixi olaraq müstəmləkəçilik ənənələrini yeni formatda davam etdirən dövlətlərdən biridir və bu siyasət xüsusilə Şimali Afrika və digər regionlarda üç əsas istiqamət üzrə formalaşıb: maliyyə təsiri, güc amili və siyasi idarəetmə mexanizmləri.
Tarixçinin sözlərinə görə, son illərdə qlobal güc balansındakı dəyişikliklər Fransanın fəaliyyət istiqamətini də genişləndirib və Cənubi Qafqaz bu siyasətin yeni hədəflərindən birinə çevrilib.
O qeyd edib ki, regionda yaranan geosiyasi boşluqlar müxtəlif aktorlar tərəfindən doldurulmağa çalışılır və bu prosesdə Ermənistanın da alət kimi istifadə olunması cəhdləri müşahidə edilir.
Rizvan Hüseynov vurğulayıb ki, Azərbaycanın regionda mövqeyi güclüdür və ölkə həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan öz liderliyini qoruyub saxlayır.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibə və sonrakı antiterror tədbirləri ilə ərazi bütövlüyünü bərpa etməsi ölkənin regional mövqeyini daha da gücləndirib.
Tarixçi əlavə edib ki, Azərbaycan tək deyil və Türkiyə başda olmaqla bir sıra ölkələrlə əməkdaşlıq regionda balansın qorunmasına xidmət edir.
Zeynəb Rzayeva
Bakı 




