Ədalətli və davamlı sülhə nail olmağın yolu milyonlarla fələstinlinin öz torpaqlarından qovulması deyil.
Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yohannesburqda keçirilən G20 xarici işlər nazirlərinin toplantısının “Qlobal Geosiyasi Vəziyyət” adlı sessiyasında çıxışı zamanı deyib.
“Fələstinlilərin böyük fədakarlıq göstərdiyi torpaqlar müzakirə mövzusu deyil. İkitərəfli həll gecikmiş və daimi sülhün yeganə yolu olaraq qalır. Bu həllin həyata keçirilməməsi yalnız münaqişə dövrünü uzadacaq”, – Türkiyə XİN rəhbəri bildirib.
Digər tərəfdən, Fidan Suriyadakı son hadisələrin ümidverici olduğunu qeyd edərək, Suriyada əhatəli keçid prosesi istiqamətində önəmli addımların atıldığını bildirib. Eyni zamanda Suriyanın bərpası üçün sanskiyaların ləğv edilməsinin önəmini vurğulayıb.
“Bütün etnik və dini qruplara bərabər münasibət göstərməkdə qəti qərarlılıq var. Terrorla mübarizə əzmi sarsılmaz olaraq qalır. Region ölkələrinin narahatlıqları həll edilir. Kimyəvi silahlara nəzarət prioritet olaraq qalır. Suriyanın bərpasının mənalı şəkildə davam etməsi üçün ilkin şərt qoyulmadan sanksiyalar ləğv edilməlidir”, – deyə nazir əlavə edib.