Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olan pilot İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az-ın məlumatına görə, "TikTok" sosial media platformasında video paylaşan pilotun övladı şərh bölməsində qeyd edib:
"Ata, sən mənim qəhrəmanımsan… Ata, sən mənim qəhrəmanımsan, sən həmişə mənim qəlbimdə qalacaqsan. Sən onlarla insanın həyatını xilas etmək üçün hər şeyi etdin, öz həyatını qurban verdin, günahkarları tapdın. Sən mənim çox güclü atamsan, həmişə qürur duyacağam ki, belə bir atam var. Sən çox şən idin, bizim üçün hər zaman hər şeyi edirdin, istəyirdin ki, biz xoşbəxt olaq. Ən yaxşı atasan! Ümid edirəm ki, sən cənnətdə olacaqsan. Allah rəhmət eləsin".
Məlumat üçün deyək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Əli Hüseynov