Naxçıvanda 7 yaşlı Elmir Qurbanovun su kanalında boğularaq həyatını itirməsi böyük üzüntü yaradıb. İyunun 7-nə keçən gecə baş verən faciə Muxtar Respublikada geniş rezonans doğurub.
Mərhumun yaxınlarından birinin Bakıvaxtı.az-a verdiyi açıqlamaya görə, Elmir çox fərqli, ağıllı və hamının sevdiyi uşaq olub. O bildirib ki, azyaşlının velosiped sürməyə xüsusi həvəsi var idi və anası ona bu barədə müəyyən məhdudiyyətlər qoyurdu.
“Anası ona velosiped sürməyə tez-tez icazə vermirdi. İcazə verəndə də maksimum 30 dəqiqə sürməsini istəyirdi. Həmin gün də əvvəlcə getməsinə razı olmayıb. Amma uşağın həvəsini qırmaq istəməyib və icazə verib. Təəssüf ki, bu, onun son gəzintisi oldu”, – deyə qohumu bildirib.
Yaxınlarının sözlərinə görə, ailə hadisənin hansısa başqa səbəbdən baş verməsi ehtimalına inanmır.
“Əlavə hansısa iz və ya şübhəli məqam olub-olmadığını bilmirik. Açığı, belə bir şeydən şübhələnmirik də. Hadisənin faciəvi təsadüf nəticəsində baş verdiyini düşünürük”, – deyə ailə üzvü qeyd edib.
Bildirək ki, Elmir Qurbanov Naxçıvanda tanınmış ailənin övladı olub. Əslən Şahbuz rayonundan olan ailənin başçısı, mərhumun atası Cahangir Qurbanov Prezident mükafatçısıdır. O, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərir.
Murad İsmayıl
Bakı 



