• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Hikmət Mirzəyev müdafiə naziri olacaq? - İLGİNC AÇIQLAMA: “2025-ci ilə kimi…”

GÜNDƏM

12 Yanvar 2024 | 15:41

Hikmət Mirzəyev müdafiə naziri olacaq? - İLGİNC AÇIQLAMA: “2025-ci ilə kimi…”

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

Qeyd edək ki, 56 yaşlı Hikmət Mirzəyev bu təyinata kimi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı idi.

Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Belə ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, professor Yusif Axundzadə vəzifəsindən azad olunub. Bundan başqa, general-leytenant Heydər Piriyev Azərbaycan

Milli Müdafiə Akademiyasının rektoru vəzifəsindən azad edilib. Onun əvəzinə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Gündüz Əbdülov rektor təyin edilib.

Ordu sistemindəki yenilikləri zəruri edən hallar barədə Bakıvaxtı.az-a danışan ehtiyatda olan polkovnik -leytenant, hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, bəzi generallarımızın hərbi xidmət müddəti uzadılmışdı: “General-leytenant Heydər Priyevin xidmət müddəti uzadılmışdı, o cümlədən Ənvər Əfəndiyev də yaş amilinə görə təqaüdə getməli idi”.

Hikmət Mirzəyevə gəlincə, müsahibimiz qeyd edib ki, bu, onun üçün sonuncu pillə deyil. Bundan sonra da şərəfli bir general kimi onun bilik və bacarıqlarından istifadə olunacaq: “Bir qədər gözlənilməz təyinat idi, amma hesab edirəm ki, müdafiə nazirinin müavini vəzifəsi Hikmət Mirzəyev üçün bir “tramplin”dir. Amma bu o demək deyil ki, Hikmət Mirzəyev müdafiə naziri təyin olunacaq. Qardaş Türkiyədə olduğu kimi bizdə də 2025-ci ilə kimi müdafiə nazirinin mülki şəxs olması planlaşdırılır. Ola bilsin, Mirzəyev gələcəkdə Baş qərargah rəisi və ya Prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin olunsun. Hikmət Mirzəyev həm birinci Qarabağ savaşında, həm də 44 günlük müharibədə şərəflə xidmət edib. O, Vətən müharibəsi qəhrəmanıdır. Azərbaycan generalları arasında əfsanəvi Polad Həşimovdan sonra ikinci generaldır ki, savadı, bacarığı və vətənə bağlılığı ilə xalqın qəhrəmanına çevrilib”.

Üzeyir Cəfərov: Müdafiə nazirinin müavini vəzifəsi Hikmət Mirzəyev üçün bir “tramplin”dir

Son vaxtlar Müdafiə Nazirliyi sistemində aşkarlanan rüşvət və korrupsiya hallarına diqqət çəkən ekspert vurğulayıb ki, bu, yerdəyişmələrin həmin neqativ məqamlarla heç bir əalqəsi yoxdur:

“Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramovun məhkəməsi gedir. Bu faktın Ənvər Əfəndiyevin təqaüdə göndərilməsi ilə heç bir əlaqəsi yoxdur. Ə.Əfəndiyevin təqüdə göndərilməsi yaşla əlaqədardır. Açığını deyim, Ə.Əfəndiyev kifayət qədər tələbkar prinsipial generallardan biridir. Onun adının korrupsiya və rüşvət hallarından çəkilməsini eşitməmişəm. İndiki Baş Qərargah rəisi Kərim Vəliyevlə birgə 44 günlük savaşda və digər hərbi xarakterli tədbirlərdə yaxından iştirak edib. Yəni o, kabinet deyil, səngər generalıdır. Adı da hansısa neqativ məsələdə hallanmayıb”.

Ayyət Əhməd


SON XƏBƏRLƏR