• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Akarın Bakı səfəri: “Ermənistan Fransa üçün proksi qüvvəyə çevrilir”

Gündəm

30 Yanvar 2024 | 15:39

Akarın Bakı səfəri: “Ermənistan Fransa üçün proksi qüvvəyə çevrilir”

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akar Bakıda Şəhidlər xiyabanını ziyarəti zamanı Ermənistana mesajlar verib.

Akar deyib ki, Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq. O bildirib ki, bəziləri Ermənistanı proksi dövlətə çevirmək istəyir: “Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir”.

Akar söyləyib ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır: “Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”.

Keçmiş nazir vurğulayıb ki, Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığı davam edir.

Hulusi Akar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da bir araya gəlib. Görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar. Akar Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib.

Hulusi Akarın Azərbaycana səfərini dəyərləndirən politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, türkiyəli qonağın AŞPA-nın qərəzli addımından sonra ölkəmizə gəlişi təsadüfi hal deyil.

Onun sözlərinə görə, bu, ilk növbədə qardaş ölkə parlamentarilərinin azərbaycanlı həmkarlarına dəstəyinin ifadəsidir:

"Türkiyə AŞPA-nın Azərbaycana qarşı addımlarını qərəzli və zərərli sayır. Əlbəttə, məlum qətnamənin əsas məqsədi Ermənistana dəstək verməkdən ibarətdir. Arxasında duran dairələr də bəllidir. Xüsusən, Fransa ölkəmiz əleyhinə səylərə həvəslə başçılıq edir. Ermənistan da sürətli şəkildə Fransa üçün proksi qüvvəyə çevrilir. Bu tendensiya Türkiyəni narahat etməkdədir. Çünki qardaş ölkə fərqindədir ki, bu qərəz və düşmənçilik sadəcə Azərbaycana deyil, həm də Türkiyəyə hesablanıb. Bu da regionda yeni münaqişə ocağının yaranması deməkdir”.

İlqar Vəlizadə: Belə vəziyyətdə Ankara-İrəvan arasında hər hansı yaxınlaşmadan söhbət gedə bilməz

İ.Vəlizadə xatırladıb ki, AŞPA-da ölkəmiz əleyhinə qətnamənin qəbul olunmasında fəal iştirakçılardan biri Ermənistanın qurumdakı nümayəndə heyətinin rəhvəri Rubin Rubinyandır. O, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesində xüsusi nümayəndədir:

“Bu faktın özü paradoksdur. Əlbəttə, belə vəziyyətdə Ankara-İrəvan arasında hər hansı yaxınlaşmadan, humanitar razılıqdan söhbət gedə bilməz".

Müsahibimiz vurğulayıb ki, təhlükəli cəhdlərin qarşısını almaq üçün müəyyən cəhdlər görülməlidir:

"Hulusi Akarın səfəri parlament səviyyəsində atılacaq addımların müzakirəsi ilə bağlı idi. Azərbaycan və Türkiyə bütün prinsipial məsələlərdə vahid mövqedə dayanırlar. Bu da ikitərəfli münasibətlərin əsasını təşkil edir. Şəxsən Hulusi Akarın özü Azərbaycanın, xalqımızın ən yaxın dostudur. Akar Azərbaycanda ən yüksək səviyyədə qarşılanır, rəğbət görür. Hulusi Akarın Bakıdan Ermənistana verdiyi mesajlar önəmlidir. İrəvan Türkiyə rəsmisinin mesaj və xəbərdarlıqlarına ciddi yanaşmalıdır. Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusunda olan Ermənistan bunu ilk növbədə Azərbaycanla həyata keçirməlidir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024