• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ermənistanı daha ağrılı-acılı nəticələr gözləyir: İrəvan anlamalıdır ki, heç bir qüvvə...

Gündəm

13 Fevral 2024 | 16:54

Ermənistanı daha ağrılı-acılı nəticələr gözləyir: İrəvan anlamalıdır ki, heç bir qüvvə...

"Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək".

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatları şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi:

"Ermənistan siyasi hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bunu Ali Baş Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq”.

Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq:

“Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi dar ağacı ediləcək, zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan əsgəri və dövlət bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb".

Ədalət Verdiyev: Ermənistan  təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq

Ə.Verdiyev bildirib ki, baş verən bu hadisəyə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının tərkibində fəaliyyət göstərən missiyanın üzərinə düşür:

"Aİ missiyası baş verən təxribatlara reaksiya vermək, təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə biləcəklər. Buna görə də, Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda, Ermənistan daha ağrılı-acılı nəticələr əldə edəcək. Azərbaycan sülhün tərəfindədir, lakin Ermənistanın törətdiyi təxribatlar sülhün əldə edilməsinə ciddi maneələr yaradır".

Xatırladaq ki, dünən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə atəşə tutulub.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024