• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ermənistanın təxribatları nəyə hesablanıb? Hansı ərazilər uğrunda müharibə olacaq?!

Gündəm

13 Fevral 2024 | 10:07

Ermənistanın təxribatları nəyə hesablanıb? Hansı ərazilər uğrunda müharibə olacaq?!

Dünən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə atəşə tutulub.

Bakıvaxtı.az-ın Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumatına görə, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Ardından saat 20:50 və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistanın növbəti təxribatları nəyə hesablanıb? Yenidən müharibə başlaya bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov Bakıvaxtı.az-a açıqlamasında hər hansı müharibə olacağını gözləmədiyini bildirib. Onun sözlərinə görə, sadəcə ermənilər və ona havadarlıq edənlərin təxribatıdır:

“Ermənistan tərəfi dünən gündüz saatlarında baş vermiş hadisə ilə bağlı araşdırma aparacaqlarını deyiblər. Belə çıxır ki, Ermənistan ordusunda indiyə qədər dediyimiz o başı pozuqluq özünü açıq şəkildə büruzə verir. Söz veriblər ki, bu özbaşınalığı edənlər cəzalandırılacaqlar”.

Üzeyir Cəfərov: Müəyyən beynəlxalq oyunçular vəziyyətin gərginləşməsi üçün əllərindən gələni edirlər

Ekspertə görə, müəyyən maraqlı qüvvələr var ki, Ermənistanla Azərbaycanın yaxınlaşmasını istəmir, təxribatın baş verməsinə həvəs göstərirlər: “Amma hər hansı müharibədən söz getmir. Hansı ərazilər uğrunda, nə məqsədlə müharibə olacaq?! Ermənistan təcili 8 yaşayıq məntəqəmizlə bağlı qərar qəbul etməli, 4-ü dərhal boşalmalıdır. Yerdə qalan 4 yaşayış məntəqəsilə bağlı müəyyən danışıqlar həyata keçiriləcək”.

Həmsöhbətimiz bundan sonra gərginliyin artan xətt üzrə gedəcəyini düşünmür. Bununla belə vurğulayıb ki, ayrı-ayrı bölgələrdə müəyyən təxribatların olması qaçılmazdır.

“Ermənistan ordusunda da, daxlində də gərginlik var. Müəyyən beynəlxalq oyunçular vəziyyətin gərginləşməsi üçün əllərindən gələni edirlər”, - deyə Üzeyir Cəfərov qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024