Yaxın Şərqdə İran-Səudiyyə normallaşması fonunda yeni təhlükəsizlik memarlığı formalaşır. Ər-Riyad və Tehran 2025-ci ildə iqtisadi əməkdaşlıq formatları yaradıb və regional gərginliklərin idarə olunması üçün ortaq strukturlar qurur.
Bu proses “regionun sakitləşməsi” kimi uzunmüddətli sabitlik vəd edirmi, yoxsa tərəflərin maraqlarına əsaslanan “taktiki, müddətli razılaşma” hesab olunmalıdır?
Bu barədə Bakıvaxtı.az-a danışan politoloq Turab Rzayev bildirib ki, İran və Səudiyyə Ərəbistanının hansısa formada strateji ittifaq qurması mümkün görünmür. Çünki bu ölkələr xarici siyasətlərini və regional maraqlarını bir-birinə rəqib olan siyasi və ideoloji xətt üzərində qurublar. Onların hər biri bölgədə nüfuz dairəsini genişləndirməyə çalışır. Onun sözlərinə görə, məsələ təkcə siyasi və iqtisadi deyil, həm də ideoloji xarakter daşıyır:
"İran öz regional siyasətini daha çox şiəlik üzərində formalaşdırır və əsas rəqib kimi Qərbi və Qərblə əməkdaşlıq edən, o cümlədən Səudiyyə Ərəbistanını görür. Səudiyyə Ərəbistanı isə öz regional siyasətini sələfilik və ya xəvariclik kimi adlandıra biləcəyimiz ideoloji xətt üzərində qurur və burada əsas hədəf kimi məhz şiə qrupları önə çıxarır. Buna görə də hər iki ölkənin strateji ittifaq yaratması real görünmür".
Politoloq qeyd edir ki, indiki şəraitdə bu ölkələr bir-birinə müəyyən mənada ehtiyac duyurlar. Çünki İsrailin bölgədə həddindən artıq sərbəst davranması, beynəlxalq hüququ tamamiləheçə sayması və regional dövlətlərin maraqlarını heçə sayması həm Səudiyyə Ərəbistanını, həm də digər ərəb ölkələrini çətin vəziyyətə saldı.
Müsahibimiz bildirib ki, hərçənd bu ölkələrin bəziləri “İbrahim sazişi” çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa çalışırdılar:
“Lakin İsrailin Fələstinlə bağlı müharibədə atdığı addımlar, beynəlxalq hüquqa məhəl qoymaması, ərəb ictimaiyyətinin mövqeyini nəzərə almaması münasibətlərin dəyişməsinə səbəb oldu. Xüsusilə Qəzzaya hücumdan sonra Qətərin İsraillə münasibətlərində kəskin dönüş baş verdi. Yerli əhali geniş etiraz aksiyalarına çıxaraq hökumətləri tənqid etdi. Bu prosesi Səudiyyə Ərəbistanı da, Birləşmiş Ərəb Əmirlikləri də yaşadı. Ona görə də İsrailin davranışlarına qarşı Səudiyyə Ərəbistanının İranla müəyyən koordinasiya aparmağa ehtiyacı yarandı".

Turab Rzayev: İran-Səudiyyə bir-birinə ehtiyacı olan ölkələrdir
Ekspertin sözlərinə görə, Fələstinə dəstək üçün təşkil olunan demək olar ki, bütün regional platformalarda həm İranın, həm də Səudiyyə Ərəbistanının iştirakı görünməsi təsadüfi deyil. Yəni, bu, iki ölkənin bir-birinə ehtiyac duyduğunu göstərən nümunələrdən biridir.
Müsahibimiz bildirir ki, digər tərəfdən, Səudiyyə Ərəbistanının ABŞ establişmenti ilə mürəkkəb münasibətləri var və birbaşa olaraq Tramp administrasiyası ilə dialoq imkanlarına sahibdir. İran isə bu əlaqələrdən istifadə etməklə ABŞ ilə münasibətlərini yumşaltmağa çalışır:
"İran istəyir ki, Vaşinqtonla dialoq bərpa olunsun, yeni sanksiyalar tətbiq edilməsin və ABŞ-İsrail tandeminin İrana qarşı yeni kampaniyasının qarşısı alınsın. Bu baxımdan Tehran üçün Səudiyyə Ərəbistanı ilə dialoq həm regional problemlərin həlli, həm də ABŞ ilə münasibətlərin normallaşdırılması vasitəsidir".
O qeyd edib ki, Səudiyyə Ərəbistanının Çinlə çox yaxın iqtisadi münasibətləri, xüsusən neft ticarəti sahəsində geniş əməkdaşlığı var. İranın da Çinlə sıx əlaqələri mövcuddur.
Turab Rzayevə görə, Tehran həm Çinlə olan münasibətlərdən, həm də Pekinin ərəb ölkələrinə təsir imkanlarından istifadə edərək Səudiyyə Ərəbistanı ilə münasibətlərini yumşaltmağa çalışır:
“Bu proses İran üçün vacibdir, çünki hər iki ölkə Çinin bölgədəki iqtisadi və diplomatik çəkisindən faydalanmağa çalışır".
Zeynəb Rzayeva
Bakı 



