“Ermənistanda keçirilən seçkilər geosiyasi vəziyyətə təsir göstərib. Ancaq əsas geosiyasi vəziyyətin dəyişdirilməsi Azərbaycanın yaratdığı yeni reallıqlarla bağlıdır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın kapitulyasiya aktını imzalaması, separatizmin tabutuna sonuncu mismarın vurulması və sülh prosesinin gündəmə gəlməsi regionda geosiyasi vəziyyəti tamamilə dəyişdi:
“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri regionda vəziyyətin kökündən dəyişməsi ilə əlaqəlidir. Sadaladığım məsələlər baş verməsəydi, regionda bu dərəcədə dəyişiklik olmasaydı, Ermənistandakı seçkilərin indiki nəticələrindən danışa bilməzdik. Hər şeyin təməlinə baxmaq lazımdır. Azərbaycanın yaratdığı reallıq, onun bünövrəsi o dərəcədə güclü və qəbul olunandır ki, hətta kapitulyasiya aktını imzalayan Ermənistanda belə qaçılmaz dəyişiklər yaşanır. O vaxt “Qarabağ Ermənistandır, nöqtə” deyən Nikol Paşinyan indi deyir ki, “Qarabağı çoxdan Azərbaycanın tərkibində tanımaq lazım idi”. Məhz Azərbaycanın qalibiyyəti və yaratdığı reallıqları Paşinyanı bunu deməyə məcbur etdi”.
Seyidov vurğulayıb ki, Paşinyan çox çətin bir vəziyyətdə, kənar müdaxilələrfonunda qalib gəldi:
“Bəzən deyirlər ki, Paşinyana müdaxilələr əsasən şimaldan, cənubdan olur. Amma elə Qərbdən də Paşinyana müdaxilələr var idi. Bir əli Paşinyana dəstək olan Qərb, digər əli ilə də təzyiq göstərir, maneçilik yaradırdı. Yaddan çıxarmayaq ki, “Daşnaksütyün” partiyasının orada ciddi bünövrəsi, əlaqəi var. Onlar Paşinyanı əsla qəbul etmirlər, müharibə, soyqırım, düşmənçilik təfəkkürü ilə yaşayırlar. Bu konsolidasiya edilmiş qüvvələr Ermənistanın maraqlarına, Paşinyana qarşı ciddi fəaiyyət göstərir”.

Səməd Seyidov: Bir əli Paşinyana dəstək olan Qərb, digər əli ilə də təzyiq göstərir, maneçilik yaradırdı
Müsahibimizin sözlərinə görə, biz bir daha özümüz üçün təsdiq etdik ki, Qərb dəyərlərin yox, öz maraqlarının arxasında gedir:
“Əlbəttə, Qərb Paşinyanı dəstəkləyə bilər, ancaq seçki prosesində baş vermiş nöqsanlar, qanunsuzluqlar da Qərb dairələri, Avropa təsisatları tərəfindən qeyd olunmalı idi. Amma heç nə demirlər, çünki ümumi maraqlarına uyğun gəlmir. Qərbdə, Avropada artıq çoxdan həqiqi demokratik dəyərlər alət kimi istifadə olunur, özlərinə lazım olanda bir cür yozurlar, sərf etməyəndə başqa cür yozurlar”. Həmsöhbətimiz vurğulayıb ki, düzdür, Paşinyanın seçkidə qalib olması bizim maraqlarımıza uyğundur:
“Çünki Paşinyan yeganə namizəd idi ki, sülh ritorikası ilə çıxış edirdi. Yəni onun sülh ritorikası revanşizm, Qarabağ məsələsi, Rusiya ilə birləşmə və s. məsələləri üstələyirdi. Bunlar Azərbaycanın siyasi gündəmində yoxdur. Amma bu, başqa mövzudur, Qərbin həmişəki kimi ikili standartlardan yanaşması isə başqa məsələdir”.
Aydın Baxış
Bakı 



