İsveç pandemiya zamanı yaradılmış Bərpa və Dayanıqlıq Fondundan maliyyə alacaq ən son Avropa İttifaqı (Aİ) ölkəsidir.
Bakıvaxtı.az xəbər verir ki, İsveçə ayrılan ümumi məbləğ 3,5 milyard avro təşkil edir. Bunun da 1,6 milyardı birinci tranş kimi tələb olunur. Vəsaitlər infrastruktura dəmir yollarının modernləşdirilməsi, yaşayış evlərinin tikintisi və genişzolaqlı internetin inkişafı kimi investisiyalar üçün nəzərdə tutulub.
Vəsaitləri almaq hüququ Aİ maliyyə nazirləri dekabr ayında İsveç hökuməti tərəfindən təqdim edilən yenilənmiş planı təsdiq etdikdən sonra mümkün olub. Bu vəsaitləri əldə etməyin yolu asan deyildi: yanacağa bioyanacaq əlavə edilməsi ilə bağlı qaydalara edilən dəyişikliklər karbon qazı emissiyalarının artmasına gətirib çıxardı və İsveçin Aİ qarşısında öhdəliklərini riskə atdı.
Tidö koalisiyası çərçivəsində yeni sazişdə istixana qazı emissiyalarının azaldılması üzrə öhdəliklərin bir hissəsi bərpa olunacaq, benzin vergisinin azaldılması isə mümkün qiymət artımlarını kompensasiya edəcək. Maliyyələşdirmə 2020-2022-ci illər üçün dövlətin, bölgələrin və bələdiyyələrin xərclərini əhatə edəcək.
Qeyd edək ki, İtaliya artıq yeddinci, Polşa və Latviya isə üçüncü tranşı tələb edib. Macarıstan da ödəməni gözləyir, lakin məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi də daxil olmaqla, zəruri islahatlar həyata keçirilənə qədər onun 10 milyard avroya çıxışı dondurulub.