• Bakı 24° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

İxtisas seçimini necə edək ki, kənarda qalmayaq?

CƏMİYYƏT

08 Avqust 2022 | 17:32

İxtisas seçimini necə edək ki, kənarda qalmayaq?

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi 16-28 avqust, 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə 8-17 avqust tarixlərində aparılacaq. İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məlumdur ki, işin ən çətin və məsuliyyətli tərəfi də elə ixtisas seçimidir. Çünki düzgün aparılmadıqda yüksək bal yığan abituriyent belə kənarda qala bilir. Bəs ixtisas seçimini necə edək ki, uduzmayaq?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, artıq qəbul imtahanlarının bir mərhələsi başa çatıb, abituriyentlər ilkin balları ilə məlumatlıdırlar: “Daha ciddi bir mərhələ bundan sonra başlayır. İmtahanda iştirak edib müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur”.

K.Əsədovun sözlərinə görə,  bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Ekspert əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirib: “Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır”.

Onun sözlərinə görə, müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir: “Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstədrici, keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35- ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.

K.Əsədov xüsusi olaraq vurğulayıb ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlanmalıdırlar: “Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd etdiyim kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026