“Müəllimlərin 98 %-i (10944 nəfər) sertifikatlaşdırma prosesdə iştirak edib. Onlardan 78 %-i (8577 nəfər) ilk mərhələdə 30-60 bal toplayaraq uğur qazanıb, 22 %-i isə (2367 nəfər) 0-29 bal toplayaraq uğur qazana bilməyib. Uğur qazanmayanlardan 52 nəfər 0-10 arası, 1530 nəfər isə 21-29 arası bal toplayıb. Uğur qazanmayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb və onların növbəti mərhələdə bir-neçə bal toplamaqla uğur qazanmaq ehtimalları yüksəkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, bu o deməkdir ki, sonda ən pis halda 10 % müəllim sertifikatlaşmadan keçməyə bilər:
“Bu amil də prosesin sonunda ölkə müəllimlərinin təqribən 90 faizinin vəzifəsinə uyğun olmasını, bilik və bacarıqlarının qənaətbəxş olmasını şərtləndirəcək. Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 %, yaşı 60-dan yuxarı olan müəllimlərin isə 68 % uğur əldə ediblər. Uğur qazanmayan müəllimlərin bir il ərzində təkrar sertifikatlamaya cəlb edilməsi bu rəqəmi 80 %-ə yaxınlaşdırması ehtimalını yüksəldir. Müəllimlərin sertifikasiya imtahanında 51 baldan yüksək nəticə göstərən yaşı 60-dan çox olan 184 müəllim var. Yaşları 25-29 olan müəllimlərin orta təhsil aldıqları dövrdən testologiya vərdişlərinə yiyələnməsi, buraxılış və qəbul imtahanları dövründə test üsulu ilə imtahan edilmələri, ali məktəbdə təhsil aldıqları dövrdə onlara yeni təlim texnologiyalarının öyrədilməsi, mərkəzləşmiş müsabiqə ilə müəllim vəzifəsinə təyin edilən zaman ixtisas və metodikadan bilik və bacarıqlarının test üsulu ilə sınağa çəkilməsi və nəhayət gənclərin yaşlı insanlara nisbətən daha çox zehni üstünlüyə malik olamsı onların uğurunu şərtləndirmişdir”.
K. Əsədov qeyd edib ki, bütün bunları nəzərə aldıqda yaşla əlaqədar beyin hüceyrələrinin atrofiyaya uğraması, heç bir halda testologiya vərdişlərinə malik olmaması, bilik və bacarıqlarının heç vaxt test üsulu ilə yoxlanılmaması, ali məktəbdə təhsil aldıqları dövrdə onlara yeni təlim metodların öyrədilməməsi səbəbindən onların özlərindən azı iki dəfə cavan müəllimlərə nisbətən 20-30 faiz aşağı nəticə göstərmələri tam normal bir haldır:
“Setifikatlaşmadan uğur qazanan, yəni 30-60 bal toplayan 8577 nəfər müəllim müsahibə mərhələsindən keçsə əmək haqlarına əlavələr ediləcək. Onlardan 5599 nəfərinin (30-50 bal toplayan) maaşına 10 % , 2599 nəfərinin (51-60 bal toplayan) maaşına 35 % əlavələr ediləcək. Beləliklə ən yaxşı halda ölkədəki müəllimlərin 4 nəfərindən 1-nin maaşı artmayacaq, 2-nin maaşı 10 % artacaq, 1-nin maaşı isə 35 % artacaq. Statistika göstərir ki, sertifikatlaşmada 0-29 bal toplayan müəllimlərin sayı, 51-60 bal toplayan müəllimlərin sayına təqribən bərabərdir, 30-50 bal toplayan müəllimlərin sayı isə təqribən onların cəminə bərabərdir”.
Nuranə Daxilqızı
















