• Bakı 25° C

    11.76 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sevgi yaddaşı... Yaddaş sevdası... - Əkbər Qoşalı yazır 
YAZARLAR
05 Sentyabr 2026 | 19:43

Sevgi yaddaşı... Yaddaş sevdası... - Əkbər Qoşalı yazır 

Əkbər Qoşalı

Hər hansı bir hərəkətin niyyəti ilə anlamı üst-üstə düşməyə bilər. İnsan yaxşı niyyətlə də yanlış iş görə bilər. Mədəniyyət paytaxtımız Şuşada qayaların üzərinə rəng püsgürdərək adların yazılması ilə bağlı görüntülər bax belə bir həssas məsələnin üzərində düşünməyə çağırır. Bir neçə ay öncə ölkə paytaxtı Bakıda – NİZAMİ Kino Mərkəzi divarlarında da bənzəri olay yaşanmışdı. 

Şəhid adı, şəhidlik sanı qutsallıq daşıyır; Şuşa da Şuşadır zatən; əziz Şuşa deyirik; keçmiş işğalçının “Dağlarda toy”unu vaya çevirdiyimiz Şuşa tarixi Zəfərimizin rəmzidir. Zəfərin rəmzi olan şəhər rəsmən Mədəniyyət paytaxtımızdır; bu etibarla, Zəfər mədəniyyətimizdən, mədəniyyətimizin zəfərindən danışınca Şuşa adı doğal olaraq önplana çıxır.

Bəli, bir qutsallığı o biri qutsallığın üzərinə yazmaq onların heç birini daha qutsal etmir.

Burada sayğının özünəxas mədəniyyəti haqqında düşünməkdə yarar vardır.

Biz şəhidlərimizin adını yaşatmağa borcluyuq; fəqət, əfəndim, ad yaşatmaqla ad yazmaq eyni olaydımı? Şəhid adı yaddaşa, könülə yazılar, gələcəyin vicdanına yazılar, məktəbə, muzeyə, kitaba, abidəyə yazılar; ən başlıcası, Vətənin yaddaşına yazılar. 

Şuşada qayalar üstə müxtəlif üsullarla ad yazmaqsa dövlət, xalq, ordu münasibəti olmayıb, fərdi xarakter daşıyır.

Ad yazmağın dövlətin, toplumun qəbul etdiyi ləyaqətli, estetik və mənəvi biçimləri vardır, əlbəttə.

Əziz Şuşanın qayası isə xatirə dəftərinin boş səhifəsi statusunda görülməməyi haqq edir. O qayalar bizdən öncə də vardı, bizdən sonra da qalmalıdır. Şuşanın hər qayası, daşı bu əziz şəhərin doğa yaddaşının, tarixinin, keçirdiyi çətinliklərin və qazandığı parlaq Zəfərin dilsiz şahididir. Dövlət–xalq–ordu birliyi Şuşanı azad etməklə, onu özümüzdən də qoruya biləcək qədər sevgiyə bələyib.

Azqd etdiyimiz torpağa münasibətimiz azadlığımızın mədəniyyətini göstərir – elə deyilmi? – Bəlkə məsələnin ən düşündürücü tərəfi də elə budur.

İşğal dönəmində mədəni irsimizə qarşı vandalizmdən danışmışıq, abidələrimizin dağıdılmasını, şəhərlərimizin görünüşünün dəyişdirilməsini dünyaya göstərməyə çalışmışıq. İndi həmin torpaqlara qayıtdığımız çağda öz davranışımızın ölçüsü daha yüksək olmalıdır. Çün başqasından tələb etdiyimiz sayğını ilk növbədə özümüz nümayiş etdirməliyik. Şuşaya sayğı o şəhəri düşmən tapdağından qurtarmış şəhidlərə, qazilərə sayğıdır.

Daşa, divara, tarixi tikiliyə, ağaca “mən də buradaydım” nişanı qoymaq, necə deyərlər, ilkin bir impuls ola bilər; mədəniyyət isə bax, həmin impulsu cilovlamaq yetkinliyindən başlayır. Tarixi məkanda özündən iz buraxmaqdan çox, tarixin izini qorumağa çalışmaq daha düzgün yanaşma deyilmi?..

Bu baxımdan məsələ yalnız Şuşada bir neçə qayaya yazılmış addan ibarət sanılmamalıdır. Bu, ictimai əmlaka münasibətdir, şəhər mədəniyyətidir, turizm davranışıdır, estetik məsuliyyətdir, nəhayət, vətəndaşlıq, vətəncanlılıq şüurudur.

Əlbəttə, qayda da olmalıdır, nəzarət də, qanunun tələb etdiyi yerdə məsuliyyət də; amma hər qayanın yanında nəzarətçi saxlamaq mümkünmü?

Şəhid ailələrinin duyğuları sözügedən məsələdə hamımız üçün ayrıca mənəvi ölçü-ülgüdür. Övladını Vətən torpağı uğrunda itirmiş anaya, ataya ən böyük təsəlli onun uğrunda can verdiyi Vətənin qorunması, abadlaşması, ləyaqətlə yaşadılmasıdır.

Şəhidlər Şuşanın daşı-torpağı, yeri-göyü özgənin tapdağından qurtulsun deyə canını qurban verdi.

Biz Zəfərdən sonrakı illərdə yalnız şəhərlərimizi yenidən qurmuruq. Biz həm də o şəhərlərdə necə davranacağımızı – Zəfər mədəniyyətimizi qururuq.

Şuşaya gedəndə şəkil çəkdirək, Cıdır düzünə baxaq, Üzeyir bəyin şəhərinin havasını ciyərimizə çəkək, şəhidlərimizi rəhmətlə anaq… Amma qayasını necə əmanət almışıqsa, özümüzdən sonra gələnlərə eləcə də saxlayaq.

Çün imandan bildiyimiz Vətən sevgisinin də öz mədəniyyəti vardır

Şəhidin sanı, Şuşanın adı yaddaşımıza, könlümüzə və gələcəyə əmanətdir.

Ümidvaram, şəhər rəhbərliyi könlündən keçənləri ifadə etmək, ad yazmaq istəyən qonaqların duyğularını nəzərə alıb, “ŞUŞAYA ÜRƏK SÖZÜM” adlı iri dəftərlər sifariş edib hazırlada bilər və şəhərin bəlli yerlərində uyğun bir şəkildə yerləşdirə bilər; qoy o dəftərlər əlçatan olsun, yazılsın, dolsun, sonra o dəftərlər şəhər arxivinə verilsin, yeniləri qələmlərə təslim edilsin - nə ziyanı var?.. – “De, gəlsin hər nəyin vardı, deyilən söz yadigardı…” 

Şəhidlər ölmədi, Vətən bölünmədi!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026