Süfrələrin ayrılmaz ləzzəti olan kərəyağı sağlamlığı və möhtəşəm dadı ilə hər evdə istifadə olunur. Lakin bazarda süni tərkibli, marqarin və kimyəvi qatqılarla hazırlanan saxta məhsullar da geniş yayılıb. Aldadılmamaq və sağlam qidalanmaq üçün isə gerçək kərəyağını tanımağın üsullarını bilmək vacibdir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan bazarında da kərəyağı adı altında satılan bir çox məhsulun tərkibində əlavə qatqılar olur.
Bu səbəbdən təbii məhsul seçmək üçün bir neçə sadə testi tətbiq edərək aldığınız yağın keyfiyyətini yoxlaya bilərsiniz:
İsti suda əridin: Əsl kərəyağı isti suya atıldıqda bütöv halda əriyir. Əgər yağ suda parçalanaraq dağılırsa, tərkibində marqarin və ya digər qatqılar ola bilər.
Otaq temperaturunda saxlayın: Əsl kərəyağı otaq temperaturunda sadəcə yumşalır, lakin mayeləşməyə başlamır. Əgər gözlədikcə sulanıb əriyirsə, demək ki, tərkibində əlavə maddələr var.
Tavada qızdırın: Yüksək temperaturda əsl kərəyağı köpüklənir və xoş ətir yayır. Saxta kərəyağı isə sadəcə adi yağ kimi ərir, köpük və xüsusi qoxu yaymır.
Bu üsullarla bazarda satılan məhsulları daha asanlıqla analiz edib, ailəniz üçün ən təbii və keyfiyyətli kərəyağını seçə bilərsiniz. Qida təhlükəsizliyi və sağlam həyat üçün aldığınız məhsullara diqqət yetirmək vacibdir.
Nuriyyə Musayeva