• Bakı 15° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Kiberdələduzluğun yeni mərhələsi: Ailənin səsini təqlid zəngləri artır

CƏMİYYƏT

17 Noyabr 2025 | 09:53

Kiberdələduzluğun yeni mərhələsi: Ailənin səsini təqlid zəngləri artır

Rəqəmsal dövrdə kibertəhlükəsizlik təkcə texnoloji məsələ deyil, artıq hər bir vətəndaşın gündəlik həyatına təsir edən real riskdir.

Dələduzluq üsullarının sürətlə yenilənməsi, süni intellektlə edilən səs və video manipulyasiyalarının artması bu mövzunu daha da aktuallaşdırır. İnsanlar maliyyə itkiləri ilə yanaşı psixoloji zərbə də alır və bu, cəmiyyətdə geniş miqyaslı problemə çevrilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Abbasov  bildirib ki, çətin şifrələrdən istifadə etmək kibertəhlükəsizlikdə həlledici, lakin yeganə olmayan müdafiə qatıdır. Onun sözlərinə görə, “hakerlər” belə şifrələri qırmaqda ciddi çətinlik çəkirlər:

“Əsas iki hücum növündən biri olan Brute-Force hücumunda (bütün mümkün kombinasiyaların yoxlanılması) şifrənin uzunluğu, böyük və kiçik hərflər, rəqəmlər və simvolların istifadəsi həlledicidir. Məsələn, 8 simvollu sadə şifrə saniyələr ərzində qırıla bilirsə, 16 simvollu, mürəkkəb şifrəni qırmaq illər tələb edə bilər. Lakin qeyd etməliyik ki, hücumların böyük əksəriyyəti Brute-Force ilə yox, fişinq (phishing) və ya məlumat sızmaları (data breaches) yolu ilə baş verir. Buna görə də, çətin şifrəyə əlavə olaraq İki Faktorlu İdentifikasiya (2FA) istifadə etmək mütləq zəruridir”.

İndiki zamanda bir çox üsullar mövcuddur: Valideynlərə zəng edib qəza xəbəri ilə pul alırlar, övladlarının səsləri təqlid olunur, bəzi hallarda bank əməkdaş kimi əlaqə saxlanılır və s. Müsahibimizə görə, hazırda ən aktual dələduzluq növü şübhəsiz ki, fişinqin sosial mühəndisliklə birləşdirilmiş formalarıdır. Ekspert bildirib ki, digər bütün nümunələr (qəza xəbəri, səs təqlidi, bank əməkdaşı kimi əlaqə) bu kateqoriyaya aiddir:

“Onların arasında ən təhlükəlisi və sürətlə artanı Süni İntellektlə gücləndirilmiş səs (və ya deepfake video) təqlidi vasitəsilə həyata keçirilən qəza və ya təcili yardım çağırışlarıdır. Çünki səs və görüntü təqlidləri qurbanın emosional müqavimətini minimuma endirir. Klassik "bank əməkdaşı" zəngləri hələ də geniş yayılsa da, Süni İntellektin istifadəsi ilə edilən, ailə üzvünün səsini təqlid edən dələduzluqlar zərərçəkənləri daha çətin vəziyyətdə qoyur”.

Elvin Abbasov: Aldanmanın səbəbi dələduzluğun professional formada həyata keçirilməsidir

E.Abbasov vurğulayıb ki, vətəndaşların hələ də aldanmasının səbəbi kifayət qədər professional saxtakarlıq və zəif maarifləndirmənin qovuşduğu nöqtədədir. Onun sözlərinə görə, dələduzluq üsulları inkişaf edərək daha incə və daha inandırıcı sosial mühəndislik metodlarından istifadə edir:

“Lakin əsas problem ondan ibarətdir ki, maarifləndirmə kampaniyaları əksər hallarda köhnə hücum növlərinə fokuslanır. Vətəndaşlar son dərəcə real görünən deepfake məzmunu və ya təcili qərar tələb edən emosional manipulyasiyaları tanımır. Beləliklə, aldanma səbəbi fərdin özündə yox, dələduzluq texnikalarının sürətli inkişafında və maarifləndirmənin bu inkişafdan geri qalmasındadır.

Həmsöhbətimiz kibertəhlükəsizlik dərslərinin orta məktəbdən tədris olunma fikrinə müsbət yanaşır. Dediyinə görə, bu, kritik zərurət kimi dəyərləndirilməlidir. Rəqəmsal dünyanın erkən yaşlardan həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, kibertəhlükəsizlik savadlılığı artıq ümumi savadlılığın əsasıdır:

“Bu tədris yalnız texniki biliklər verməməli, eyni zamanda uşaqlara rəqəmsal etika, tənqidi düşüncə (məlumatın etibarlılığını yoxlamaq) və şəxsi məlumatların qorunması mədəniyyətini aşılamalıdır. Bu, gələcək nəsillərin rəqəmsal risklərə qarşı daha dayanıqlı olmasına və cəmiyyətdə ümumi kibertəhlükəsizlik səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

16 Noyabr 2025