"Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən vacibdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Azərbaycanla yaranmış sülhün daha da institusionallaşdırılması da vacibdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir. Lakin eyni zamanda, bu iki komponentin heç biri digəri ilə şərtlənmir və əgər onlar arasında səbəb-nəticə əlaqəsi görməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinə mənfi deyil, əksinə müsbət təsir göstərə biləcəyi ortaya çıxa bilər.
Nəqliyyat infrastrukturunun blokadasının qaldırılmasına gəldikdə isə, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlı hörmət. Bu çərçivələrdə müəyyən edilmiş TRIPP marşrutu həm Azərbaycanı Naxçıvanla, həm də Ermənistanı digər ölkələrlə, eləcə də bölgələri daha geniş coğrafiyada Ermənistan və Azərbaycan vasitəsilə birləşdirəcək. Ermənistan bunu mümkün qədər tez həyata keçirmək üçün maraqla fəal səylər göstərir", - deyə XİN rəhbəri qeyd edib.
Bakı 



