• Bakı 22° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Moskva sözlərlə, Bakı faktlarla cavab verir: ritorika təhdidin gerçəkliyidir

SİYASƏT

08 Iyul 2025 | 13:03

Moskva sözlərlə, Bakı faktlarla cavab verir: ritorika təhdidin gerçəkliyidir

"Moskva əmindir ki, Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır".

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib. O bildirib ki, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll olunmalıdır:

"Məntiq yalnız bir nəticəyə gəlməyə imkan verir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar və müttəfiqlərdir. Onları ortaq tarix və ümumi gələcək birləşdirir və bu belə də qalmalıdır."

Məlumat üçün bildirək ki, "Telegram" kanalları Moskva-Bakı münasibətlərindəki gərginliyin aradan qaldırılması məqsədilə Rusiya nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini yazıb. İddialara görə, heyətə Rusiyanın fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov rəhbərlik edəcək.

Digər tərəfdən, Rusiya Dövlət Dumasının ermənipərəst üzvü Konstantin Zatulin Rusiya-Azərbaycan münasibətlərinə dair çıxışında bildirib ki, tərəflər arasında münaqişənin gələcək inkişaf ssenariləri danışıqlardan asılı olacaq. O, fürsətdən istifadə edərək Azərbaycana qarşı ənənəvi təbliğatını da davam etdirib.

Bu istiqamətdə fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Turab Rzayev bildirib ki, Rusiyadan zaman-zaman müsbət açıqlamalar gəlsə də, bir müddət sonra bu bəyanatlara zidd addımlar atılır. Ekspertin sözlərinə görə, Rusiya rəsmiləri Bakı-Moskva münasibətlərinin pozula bilməyəcəyini və iki ölkənin tərəfdaş olduğunu iddia edirlər:

"Onlar vurğulayırlar ki, münasibətləri pozan ölkələr yaxşı düşünməlidirlər. Əslində bu, bir təhdiddir. Moskva Bakıya hədələyici mesaj göndərir ki, Azərbaycan nə olursa-olsun Rusiya ilə münasibətləri pozmamalıdır. Təyyarəmizin vurulmasından sonra yaranmış gərginlik zamanı Rusiyadan Azərbaycana rəsmi səfərlər olmuşdu. Ancaq Moskvanın normallaşması uzun çəkmədi".

Turab Rzayev: Bu cür davranışlar ikitərəfli münasibətlərə ciddi zərbə vurur

Şərhçi xatırladıb ki, qısa müddət sonra Rusiyada yaşayan azərbaycanlılara qarşı kampaniya başlandı – qətllər törədildi, işgəncələr və təhqirlər başladı. İş adamlarını məqsədli şəkildə nüfuzdan salır, biabır edirlər. Azərbaycanlıları deportasiya ilə hədələyirlər: 

"Televiziya efirlərində Azərbaycan dövlətini və xalqını təhqir edirlər. Bu cür davranışlar ikitərəfli münasibətlərə ciddi zərbə vurur. Aydındır ki, Azərbaycan dövləti və rəhbərliyi bunu qəbul etməyəcək. Moskva anlamalıdır ki, Bakıya qarşı hansı münasibət göstəriləcəksə, adekvat cavab veriləcək. Xoş münasibətə xoş, sərt münasibətə isə sərt reaksiya olacaq. Əgər Rusiya Azərbaycana qarşı təhdid və təzyiq dilində danışmaqda davam edərsə, münasibətlərin normallaşması mümkün olmayacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR