• Bakı 30° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Təhlükəsizlik və regional sabitlikdə ABŞ-Azərbaycan əməkdaşlığı - Ekspert RƏYLƏRİ

SİYASƏT

07 Avqust 2025 | 12:37

Təhlükəsizlik və regional sabitlikdə ABŞ-Azərbaycan əməkdaşlığı - Ekspert RƏYLƏRİ

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər qarşılıqlı maraqlara və strateji hədəflərə əsaslanan uzunmüddətli və çoxşaxəli əməkdaşlıq çərçivəsində inkişaf edir.

Tarixi baxımdan, iki ölkə arasında əlaqələr müxtəlif dövrlərdə müəyyən çətinliklərə və fikir ayrılıqlarına məruz qalsa da, bu, ümumi tərəfdaşlıq ruhunu zəiflətməyib. Hazırda rəsmi Bakı ilə Vaşinqton arasında daha intensiv və konstruktiv dialoq mövcuddur ki, bu da strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına imkan yaradır.

Bu tərəfdaşlığın əsas sütunları enerji, təhlükəsizlik və rəqəmsal iqtisadiyyat sahələrini əhatə edir. Azərbaycan zəngin enerji resurslarına və regionun vacib tranzit ölkəsi kimi rola malikdir, ABŞ isə dünya iqtisadiyyatının və qlobal təhlükəsizlik sisteminin mühüm aktoru kimi bu imkanlardan səmərəli istifadə etməyə çalışır. Enerji sahəsində əməkdaşlıq, yalnız iqtisadi əlaqələr deyil, həm də regional sabitlik və geosiyasi inkişaf üçün önəmli amildir.

Eyni zamanda, rəqəmsal iqtisadiyyat və texnologiyalar sahəsində qarşılıqlı maraq artmaqda, innovativ əməkdaşlıq imkanları gündəmə gəlməkdədir. Bu istiqamət gələcəkdə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçidini təmin edə bilər.

İlham Şaban: Nəqliyyat və enerji ötürülməsi sahəsində əməkdaşlığın artma ehtimalı var

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, rəsmi Vaşinqton enerji ixracı ilə bağlı bütün layihələrə, o cümlədən Cənub Qaz Dəhlizinə ötən əsrin 90-cı illərindən bəri siyasi dəstəyini müxtəlif formalarda nümayiş etdirir. Azərbaycanla ABŞ arasında enerji sahəsində yeni layihələrin gündəmə gəlməsi mümkündür. Digər tərəfdən, enerji sektorunda əməkdaşlıq imkanları da mövcuddur:

"Hazırda ExxonMobil şirkəti Azərbaycanda fəaliyyət göstərən yeganə böyük ABŞ şirkətidir və əsasən Azəri-Çıraq-Günəşli layihəsində iştirak edir. Əvvəllər bu sahədə ABŞ şirkətlərinin sayı daha çox olsa da, onlar investisiyalarını geri çəkərək yeni bazarlara yönəliblər. Bu, onlara qarşı yaranan problemlərlə deyil, kapitalist maraqları ilə bağlı reallıqdır".

Onun sözlərinə görə, Azərbaycan da öz növbəsində enerji ehtiyatlarından maksimum yararlanmaq niyyətindədir. Böyük Amerikan şirkətləri isə hazırda yeni neft-qaz layihələrinə maraq göstərmir, daha çox toplu alternativ bazarlara - Afrika şelfi və Meksika Körfəzi kimi yerlərə yönəliblər:

"Nəqliyyat və enerji ötürülməsi sahəsində əməkdaşlığın artma ehtimalı var. Məsələn, ExxonMobil Xəzərin digər tərəfində neft hasil edir və Azərbaycanla bu resursların satışında əməkdaşlıq aparır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən köhnə Qaradağ qaz emalı zavodunun yenidən modernləşdirilməsi və emal sənayesində ABŞ şirkətlərinin iştirakı mümkün ola bilər. SOCAR və ExxonMobil arasında yaxınlarda imzalanmış memorandum bunun əyani nümunəsidir və tərəflər enerji potensialının birgə araşdırılmasına maraq göstərirlər".

 

Fuad İbrahimov: Niyyət protokollarının imzalanması və ortaq layihələrin təşviqi bu istiqamətdə ilk addımlar ola bilər

Məsələnin rəqəmsal iqtisadiyyat prizmasından yanaşması ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı strateji tərəfdaşlıq üç əsas istiqaməti əhatə edir və zamanla bu əməkdaşlığın yeni sahələrdə genişləndirilməsi zərurəti ortaya çıxır. Xüsusilə rəqəmsal iqtisadiyyat sahəsi böyük potensiala malikdir:

"ABŞ fond birjaları, əmtəə və bazarlarında zəngin təcrübəyə və qabaqcıl texnoloji imkanlara sahibdir. Bu üstünlüklər Azərbaycan üçün faydalı nümunələr təqdim edə bilər və ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynaya bilər".

Həmsöhbətimiz qeyd edib ki, hal-hazırda rəqəmsal iqtisadiyyat və texnoloji əməkdaşlıq sahəsində iki ölkə arasında sistemli əməkdaşlıq çox geniş deyil. Lakin qarşılıqlı maraq və tərəfdaşlıq ruhu gələcəkdə yeni imkanların yaranması üçün zəmin yaradır. Niyyət protokollarının imzalanması və ortaq layihələrin təşviqi bu istiqamətdə ilk addımlar ola bilər:

"Bu təşəbbüslər Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərə, innovasiyaların tətbiqini sürətləndirə və ABŞ ilə münasibətlərdə yeni bir səhifə aça bilər. Qarşılıqlı etimada əsaslanan bu münasibətlərin gələcəkdə daha da möhkəmlənməsi və hər iki tərəf üçün faydalı nəticələr doğuracağına ümid var".

Ədalət Verdiyev: Bu əməkdaşlıq həm regionda, həm də qlobal səviyyədə sabitliyin əsas dayaqlarından birinə çevrilmə potensialına malikdir

Təhlükəsizlik və müdafiə istiqamətinin hər iki ölkə üçün istiqamətlənməsi ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi ekspert Ədalət Verdiyev diqqətə çatdırıb ki, Azərbaycanla ABŞ arasındakı münasibətlər yeni və strateji bir mərhələyə qədəm qoyur. Zaman-zaman ortaya çıxan fikir ayrılıqları və diplomatik çağırışlara baxmayaraq, rəsmi Bakı hər zaman bu əlaqələrin konstruktiv məcrada inkişafında maraqlı olub. Əvvəlki administrasiyalar dövründə bəzi çətinliklər və demokratlar partiyasının müəyyən nümayəndələrinin qeyri-konstruktiv yanaşmaları müşahidə edilərsə də, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ikitərəfli münasibətlərdə ümidverici perspektivlər yaradıb:

"Hazırda Azərbaycan və ABŞ arasında qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu hökm sürür. Bu müsbət dinamika, sözsüz ki, iki dövlətin ortaq maraqları və strateji hədəflərinin uzlaşmasından qaynaqlanır. Prezident İlham Əliyevin yaxın vaxtlarda planlaşdırılan ABŞ səfəri münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək".

Ekspertin dediyinə görə, səfər çərçivəsində təhlükəsizlik, enerji və regional sabitlik mövzularında mühüm danışıqlar aparılacaq. Ermənistanla əldə olunacaq mümkün razılaşmalar Cənubi Qafqazda geosiyasi mənzərəni xeyli dəyişə bilər. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasına ABŞ-nin dəstəyi Azərbaycanın nəqliyyat və enerji əlaqələrində strateji mövqeyini daha da gücləndirəcək. Bu dəhliz yalnız iqtisadi-logistik əhəmiyyət daşımır, həm də azərbaycanlıların tarixi torpaqlara ləyaqətli qayıdışının simvolu kimi qiymətləndirilir:

"Azərbaycan və ABŞ arasında qurulan strateji tərəfdaşlıq təkcə ikitərəfli əlaqələrin dərinləşməsinə deyil, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Bu əməkdaşlıq həm regionda, həm də qlobal səviyyədə sabitliyin əsas dayaqlarından birinə çevrilmə potensialına malikdir".

Görünən odur ki, Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq enerji, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrində yeni mərhələyə qədəm qoyur. Hər iki tərəfin qarşılıqlı maraqları və əməkdaşlıq ruhu, regionda sabitlik və iqtisadi inkişaf üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin Vaşinqton səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək və gələcəyə ümidlə baxmağa əsas yaradır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Avqust 2025