Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təklif edilib.
Dəyişiklik layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, təqdim edilən layihə Azərbaycanda həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.
Bu dəyişiklikdən sonra "Dövlət qulluğu haqqında" qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi "Dövlət qulluğu haqqında" qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Bakı 




