Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında süni intellektin məktəblərdə tədrisindən söz açıb. Nazir qeyd edib ki, məktəblərdə şagirdlərə süni intellektin öyrədilməsi asan deyil.
Onun szölərinə görə, hazırda Azərbaycanda 1,5 milyona yaxın şagirdin təlim-tərbiyəsi ilə 150 mindən çox təhsil işçisi məşğul olur:
“Belə genişmiqyaslı təhsil sistemində şagirdlərə süni intellektin incəliklərini öyrətmək asan başa gəlmir və bunun üçün ilk növbədə sözügedən sahəni dərindən bilən müəllim heyəti formalaşdırılmalıdır”.
E.Əmrullayev rəqəmsal transformasiyanın mahiyyətinə də toxunub:
“Məsələ sadəcə həmin tədrisi təşkil etməkdən çox, bütövlükdə o təhsil sisteminə keçid etməkdir”.
Maraqlıdır, bu sahəni yaxşı bilən müəllimləri kim, harada, necə hazırlamalıdır və o kadlar nə zaman hazırlanmalıdırlar?
Bakıvaxtı.az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə tədqiqatçı, araşdırmaçı-yazar Elmin Nuri söyləyib ki, Emin Əmrullayevin süni intellektin ümumi orta təhsil müəssisələrində tədrisi və bu sahədə kadrların yoxluğunu ilə bağlı fikirləri ilə razıdır:
“Biz tez-tez deyirik ki, süni intellekt orta məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdır. Yaxşı, necə? Bir fənnin uğurlu tədrisi üçün ilk növbədə kadr ehtiyatı olmalıdır. Biz informatika və riyaziyyat müəllimlərindən süni intellekt fənnini tələb edə bilmərik. Bəziləri düşünürlər ki, informatika müəllimi süni intellekti tədris edə bilər. Bu, kökündən yanlışdır. 20-30 günlük və uzağı 2 aylıq kurs süni intellekt müəllimi olmaq üçün yetərli sayılmaz. Bu, asburddur və mümkün deyil”.
Müsahibimiz qeyd edib ki, süni intellekt hər gün yenilənən və ciddi kontentlər tələb edən prosesdir. E.Nuri hesab edir ki, bu kimi məsələlərə tələsmək olmaz:
“Bir fənnin uğurlu tədrisi üçün öncə onun güclü tədris proqramı olmalıdır və o proqrama cavab verən kadrlar formalaşmalıdır”.

Elmin Nuri: 20-30 günlük və uzağı 2 aylıq kurs süni intellekt müəllimi olmaq üçün yetərli sayılmaz
Mütəxəssisə görə, öncə ali təhsil müəssisələrində süni intellektlə bağlı ixtisaslar açılmalıdır:
“Sonra onlar ən azı 4 il yetişdirilməlidir. Tutalım, universitetlərdə süni intellekt ixtisası açıldı, onu tələbələrə kim tədris edəcək? Bu gün Cənubi Koreya və Yaponiya təcrübəsi var. Süni intellekt klassik dərs deyil, praktiki həyat elementləri kimi tədris olunur. Bizim orta ümumtəhsil seqmentimiz hələ də praktikaya ayaq uyuşdura bilmir. Öz işini yalnız nəzəriyyə ilə məhdudlaşdırır. Bu gün ən yüksək səviyyəli məktəbin şagirdləri belə praktiki bilgilərdə axsayırlar. Biz hansı süni intellektdən danışırıq? Məsələnin həlli çox qəlizdir”.
E.Nuri hesab edir ki, süni intellektin Azərbaycan məktəblərində tədrisi üçün 7-8 il lazımdır:
“İstehsalatda süni intellekt mütəxəssislərimiz yoxdur ki, biz onları ara-sıra ali və orta təhsil seqmentinə cəlb edək. Bunun üçün proqram olmalıdır. Açığı ehtiyat edirəm ki, süni intellekt fənni ayrıca fənn kimi keçirilsə, müəllimləri 1-2 aylıq kursa göndərəcəklər, 2 ay kursa getmiş şəxs özünü süni intellekt mütxəsisi kimi qələmə verəcək. İtirən isə gəncliyimiz olacaq. STEAM təhsil layihəsində Azərbaycan dili müəllimləri də könüllü olaraq, iştirak etdilər. 6 aylıq kursadan sonra STEAM müəllimi oldular. Vallah da, billah da, belə olmur. Bu məsələyə kompleks yanaşmaq lazımdır”.
Aydın Baxış
Bakı 



