Bəzən bir şəhərin rahat yuxusunun arxasında görünməyən qəhrəmanlar dayanır. Səhər işə tələsən insanların, məktəbə gedən uşaqların, axşam evinə arxayın qayıdan ailələrin bəlkə də heç düşünmədiyi bir həqiqət var: təhlükəsizlik təsadüf deyil. O, gecəsini gündüzünə qatan insanların səssiz xidmətinin nəticəsidir.
Polis forması çiyinlərə qoyulan ağır məsuliyyətin, dövlətə sədaqətin və xalqa xidmət andının rəmzidir. Həmin forma geyinildiyi andan etibarən şəxsi rahatlıq arxa plana keçir, ön plana isə qanunun aliliyi, vətəndaşın təhlükəsizliyi və dövlətin maraqları çıxır.

Azərbaycan polisi uzun və şərəfli inkişaf yolu keçib. Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi çətin sınaqlardan tutmuş, terrora, cinayətkarlığa və ictimai təhlükəsizliyə yönələn təhdidlərə qədər hər mərhələdə öz peşəkarlığını nümayiş etdirib. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə də polis əməkdaşları ön cəbhədə və arxa cəbhədə dövlətə sədaqətin necə yaşandığını göstərdilər. Onların bir qismi şəhidlik zirvəsinə ucaldı, bir qismi isə sağlamlığını itirsə də, Vətənə xidmət andına sadiq qaldı.
Ancaq polisin ən böyük uğuru təkcə cinayətkarın yaxalanması deyil. Onun ən böyük uğuru cəmiyyətin özünü təhlükəsiz hiss etməsidir. İnsanlar övladlarını rahatlıqla məktəbə yola salanda, gecə küçədə arxayın addımlayanda, qanunun onları qoruyacağına inananda polis öz missiyasını yerinə yetirmiş olur.

Bu peşənin qəhrəmanlığı çox vaxt alqışlarla deyil, səssizliklə ölçülür. Onlar bayram günlərində də xidmət başındadırlar, ailə süfrəsindən qalxıb çağırışa gedirlər, bəzən öz doğmalarından əvvəl tanımadıqları insanların həyatını xilas etməyə tələsirlər. Çünki onların peşəsi məsuliyyətdir, vicdandır, dövlətə və xalqa verilmiş sözdür.
Azərbaycan Polisi Günü dövlətçiliyin keşiyində dayanan, qanunun aliliyini qoruyan, cəmiyyətin təhlükəsizliyi naminə fədakarlıq göstərən insanların əməyinə verilən dəyərin ifadəsidir.

Sükutun da bir səsi olur. O səs bəzən gecənin qaranlığında xidmət aparan polis avtomobilinin işığında, bəzən vətəndaşın "çox sağ olun" sözündə, bəzən isə təhlükəsiz sabaha açılan bir səhərin səssizliyində eşidilir. Çünki dövləti güclü edən yalnız sərhədlərini qoruyanlar deyil, həm də onun daxilində qanunun, nizamın və əmin-amanlığın keşiyində dayananlardır.
Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edir, şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının əziz xatirəsini ehtiramla yad edir, xidmətdə olan hər bir polisə möhkəm cansağlığı, qətiyyət və şərəfli fəaliyyət arzulayırıq.
İqbal Alısoy,
Bakıvaxtı.az Xəbər Portalının təsisçisi
Bakı 



