ABŞ Prezidenti Donald Tramp köməkçilərinə Tehranla danışıqların anlaşma memorandumunda müəyyən edilmiş 60 günlük müddətdən kənara çıxmasında heç bir problem görmədiyini bildirib.
Bakıbaxtı.az xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Həmin mənbələrə görə, Amerika lideri son günlərdə Pentaqonunn rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə bir neçə görüş keçirib və orada İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalı müzakirə olunub.
Tramp hesab edir ki, əlavə tammiqyaslı hücumlar diplomatik səylərə mane olacaq və Vaşinqtonun İranın nüvə proqramının ləğvinə nail olmaq şanslarını azaldacaq.
Bəs, Tramp danışıqların uzanmasında niyə maraqlıdır?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp administrasiyası üçün İranla atəşkəs memorandumunun müddəti o qədər də böyük əhəmiyyət daşımır. Əsas məsələ belə bir sənədin imzalanması idi, ABŞ də buna nail oldu. İndi bunu istədikləri qədər uzada bilərlər. Yəni, əlavə zaman qazanmaq üçün bundan istifadə edə bilərlər.
Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, belə proseslər göstərilən müddətdə yekunlaşmır, adətən uzanır, nəinki aylarla, hətta illərlə uzanır:
"Bu da analoji proseslərdən biridir. Əslində, ABŞ-yə Yaxın Şərqdə nə hərb, nə sülh prinsipi ilə bir situasiyanın yaranması tamamilə sərfəlidir. Yəni, ABŞ hər an savaşa başlayacağının mesajlarını vermək üçün bəhanə qazanmış durumdadır. Yəni İrana nə vaxtsa təzyiq göstərmək lazım gələndə, savaş ehtimalını ön plana çıxarmağa başlayacaq, özünə lazım olanda da sülh mövzusunda bəyanatlar verməklə siyasi diplomatiya üzərindən öz hədəflərinə çatmağa çalışacaq".
.jpg)
Elçin Xalidbəyli: Tramp administrasiyası üçün İranla atəşkəs memorandumunun müddəti böyük əhəmiyyət daşımır
Politoloqun sözlərinə görə, indiki situasiya böyük ölçüdə ABŞ-nin geosiyasi və geostrateji maraqlarına tamamilə cavab verir. Digər tərəfdən, mövcud situasiya Tramp administrasiyasının siyasi maraqlarına da cavab verir. Çünki payız aylarında ABŞ-də aralıq seçkilər keçiriləcək və həmin seçkilərə savaş durumunda gedilməsi respublikaçılar, yəni Tramp administrasiyasının arxasındakı partiya üçün ciddi problemlər yarada bilərdi:
Həmsöhbətimiz bildirib ki, eyni zamanda, seçki ərəfəsində vəziyyətin necə ola biləcəyi də müəmmalı xarakter daşıyırdı. Ancaq indiki situasiyada, yəni İranla sazişin imzalanması sayəsində müəyyən aydınlıq yaranıb.
"Tramp administrasiyası əmindir ki, aralıq seçkiləri savaşın olmadığı bir dövrdə keçiriləcək. Bu da hakim Respublikaçılar Partiyasına seçkilərdə manevrlər etmək və təbliğat qurmaq, eyni zamanda parlamentdə daha çox yer qazanmaq üçün mübarizə imkanları açmış olur", - Elçin Xalidbəyli qeyd edib.
Zeynəb Rzayeva
Bakı 



