“Ermənistanın bir gecənin içində Avropa İttifaqı (Aİ) ilə inteqrasiya prosesini dayandırması mümkün deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə İrəvanda mətbuat konfransında deyib.
“Əgər söhbət 2013-cü ildə olduğu kimi, Ermənistanın bir və ya iki gecə ərzində Aİ ilə Assosiasiya Sazişinin imzalanması istiqamətində əldə olunmuş prosesdən imtina edərək Avrasiya İqtisadi Birliyinə və ya Gömrük İttifaqına üzvlük qərarının verilməsi kimi ssenarinin təkrarlanmasının mümkün olub-olmamasından gedirsə, cavabım sadə və qətidir: bəli, bunu istisna edirəm. Bu, mümkün deyil”, - Paşinyan vurğulayıb.
Xatırladaq ki, 2013-cü il sentyabrın 3-də Ermənistanın o zamankı prezidenti Serj Sərkisyan Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə İrəvanın Gömrük İttifaqına qoşulmaq və Avrasiya İqtisadi Birliyinin formalaşdırılmasında iştirak etmək niyyətində olduğunu bəyan etmişdi. Bu qərar Ermənistanın Aİ ilə Assosiasiya Sazişi üzrə fəal danışıqlar apardığı dövrdə verilmişdi.
Bakı 



