ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi nəzərdən keçirdiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CBS News” anonim ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, müzakirə olunan plan İranın enerji infrastrukturuna qarşı indiyədək ən geniş bombalama kampaniyalarından birini nəzərdə tutur. İddialara əsasən, mümkün hücumların əsas hədəfləri elektrik stansiyaları və neft emalı zavodları ola bilər.
ABŞ rəsmilərinin bildirdiyinə görə, İsrail tərəfi plan barədə məlumatlandırılıb və Vaşinqtonla koordinasiya aparılır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın mümkün əməliyyatla bağlı hələ yekun qərar vermədiyi vurğulanır.
Mənbələrin sözlərinə görə, məsələ Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında müzakirə edilib. Bildirilir ki, Ağ Evdə bəzi yüksəkvəzifəli rəsmilər belə bir əməliyyata qəti şəkildə qarşı çıxıblar.
İsrail mənbəsi isə iddia edib ki, Baş nazir Benyamin Netanyahu bu həftənin əvvəlində Donald Trampla görüşündə İranla bağlı üç mümkün hərbi ssenarini, o cümlədən, quru təchizat marşrutlarına zərbələr endirilməsi variantını müzakirə edib.
Digər ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton administrasiyası münaqişə çərçivəsində həm hərbi, həm də mülki məqsədlər üçün istifadə olunan körpüləri artıq hədəfə alıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt “CBS News”a açıqlamasında Donald Trampın mövqeyini belə ifadə edib: “Prezident Trampın bugünkü kabinet iclasında dediyi kimi, ABŞ qalib gələcək və İran onun prezidentliyi dövründə nüvə silahına sahib olmayacaq”.
Bakı 



