“Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt Iç Ve Diş Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati protokol yazılıb.
Bakıvaxtı.az teleqraf-a istinadən xəbər verir ki, şirkətin barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlama aparıb.
Protokolda göstərilib ki, MMC tərəfindən Ağdam rayonu, Çullu kəndi ərazisində inşası davam edən “N” saylı hərbi hissənin yaxınlığında icazə olmadan qazıntı aparılaraq meşə fonduna daxil olmayan 4 ədəd biloji inkişafda olan ağac və kol məhv edilib, 630 kub metr qarışıq süxurlar daşınıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci və 253.3.1-ci maddələri ilə inzibati qaydada ittiham elan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi izahatında göstərib ki, idarənin xidməti ərazisinə daxil olan Ağdam rayonunda növbəti reyd keçirilərkən işğaldan azad edilmiş Çullu kəndində "Çoban dağ" adlanan dağ massivindən qarışıq süxurun qazılaraq daşınması və bunun nəticəsində yaşıllıqların məhv edilməsi faktı müəyyən edilib
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən ərazidən ümumilikdə 630 kub metr qanunsuz qarışıq süxur qazılaraq götürülüb və nəticədə diametri 12 santımetr bioloji inkişafda olan ərik ağacı, diametri 10 santımetr bioloji inkişafda olan yemişan ağacı və 2 ədəd bioloji inkişafda olan qaratikan kolu kökündən çıxarılaraq və sındırılaraq məhv edilib.
Araşdırma zamanı müəyyənləşib ki, ərazidə qanunsuz qazıntı işləri yaxınlıqda yerləşən hərbi hissənin tikintisini həyata keçirən şirkətinin göstərişi əsasında Kəlbəcər rayonunun Mərcimək kənd sakininin idarə etdiyi "Hidromek" markalı yükləyici texnika vasitəsilə aparılıb, qazılmış qarışıq süxur isə inşası aparılan hərbi hissənin ərazisinə daşınıb.
Qeyd edilənlərlə bağlı akt tərtib edilib və qanunsuz qazılaraq daşınmış qarışıq süxura görə təbiətə 7938 manat, yaşıllıqların məhv edilməsinə görə isə 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə şirkət 50 min manat cərimə edilib.
Bakı 



