• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Yaxın Şərqdə diplomatik buzlar əriyir: Yeni komissiya sülhün açarı olacaq?

DÜNYA

02 Iyul 2026 | 11:28

Yaxın Şərqdə diplomatik buzlar əriyir: Yeni komissiya sülhün açarı olacaq?

Yaxın Şərqdə aylardır davam edən hərbi və diplomatik proseslər yeni mərhələyə daxil olub. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın İran, ABŞ və Livan arasında birgə komissiyanın yaradılacağını açıqlaması bölgədə diqqət mərkəzinə çevrilib.

Bu bəyanat, ABŞ və İran arasında Dohada davam edən texniki danışıqlar, Livanda atəşkəs mexanizmlərinin müzakirəsi, İsrailin cənub Livandan çıxmaq niyyətində olmadığını bəyan etməsi və Hizbullahın yeni təhlükəsizlik razılaşmalarına etirazı fonunda verilib.  Ekspertlərin fikrincə, söhbət təkcə Livanda sabitliyin bərpasından getmir. Əslində Vaşinqton və Tehran ilk dəfə uzun müddətdən sonra regionun ən həssas təhlükəsizlik məsələlərindən birini eyni platformada müzakirə etməyə razılıq verirlər. Bu isə Yaxın Şərqdə yeni diplomatik arxitekturanın formalaşmasının başlanğıcı kimi də qiymətləndirilə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Alim Nəsirov bildirib ki, İran, ABŞ və Livan arasında yaradılması nəzərdə tutulan birgə komissiyanın meydana çıxmasının əsas səbəbi tərəflərin hərbi qarşıdurmanın davam etməsinin heç birinə strateji üstünlük qazandırmadığını anlamasıdır. Onun sözlərinə görə, ABŞ Livanda dövlət institutlarının güclənməsini və sərhədlərin rəsmi ordu tərəfindən idarə olunmasını istəyir. İran isə Livandakı təsir imkanlarını tam itirmədən diplomatik prosesin iştirakçısı kimi qalmağa çalışır.

Siyasi şərhçi qeyd edib ki, son aylarda İsrail-Livan xəttində baş verən hadisələr göstərdi ki, davamlı eskalasiya bütün region üçün böyük risk yaradır. Məhz buna görə də Vaşinqton və Tehran qarşıdurmanı birbaşa deyil, koordinasiya mexanizmi vasitəsilə idarə etməyə üstünlük verirlər. Bu komissiya qarşılıqlı etimadın tam bərpası deyil, böhranların idarə olunması üçün yeni platforma rolunu oynaya bilər. 

Müsahibimiz bildirib ki, hazırda Livan istiqamətində bir neçə diplomatik xətt eyni vaxtda işləyir. ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında təhlükəsizlik mexanizmi formalaşdırılmağa çalışılır, lakin Hizbullah bu modeli qəbul etmir: “Digər tərəfdən İsrail rəhbərliyi cənub Livandan tam çıxmayacağını açıq şəkildə bəyan edib və təhlükə aradan qalxana qədər hərbi mövcudluğunu davam etdirəcəyini bildirir. Bu isə Livanda daxili siyasi fikir ayrılıqlarını daha da gücləndirir. Paralel olaraq İran ABŞ ilə danışıqlarda Livan məsələsini əsas prioritetlərdən biri kimi saxlayır. Belə mürəkkəb şəraitdə yaradılan komissiyanın işi asan olmayacaq və onun uğuru tərəflərin siyasi iradəsindən asılı olacaq”. 

Alim Nəsirov: Livanda sabitlik olmadan Yaxın Şərqdə uzunmüddətli təhlükəsizlik sistemi qurmaq çətindir

Dediyinə görə, son günlər Dohada ABŞ və İran nümayəndələri arasında texniki danışıqların başlaması göstərir ki, tərəflər təkcə nüvə proqramını deyil, regiondakı böhranları da paket şəkildə müzakirə edirlər. Hörmüz boğazında gəmiçiliyin bərpası, dondurulmuş İran aktivləri, regional təhlükəsizlik və Livan məsələsi artıq bir-biri ilə əlaqələndirilmiş gündəlik təşkil edir. Müsahibimiz deyir ki, Vaşinqton anlayır ki, Livanda sabitlik olmadan Yaxın Şərqdə uzunmüddətli təhlükəsizlik sistemi qurmaq çətindir. Tehran da eyni zamanda Livandakı rolunun beynəlxalq səviyyədə nəzərə alınmasını istəyir:

“Buna görə də Livan artıq ayrıca böhran deyil, ABŞ-İran münasibətlərinin ümumi paketinin vacib elementinə çevrilib. Bu isə gələcək razılaşmaların taleyinə birbaşa təsir göstərə bilər”. 

“Bəs yaradılması planlaşdırılan komissiyanın Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi” sualına cavab verən həmsöhbətimiz bildirib ki, qısa müddətdə regionun təhlükəsizlik arxitekturasının köklü şəkildə dəyişəcəyini gözləmək düzgün olmaz. Onun sözlərinə görə, çünki İsrail-İran rəqabəti, Hizbullah faktoru və Livan daxilindəki siyasi parçalanma hələ də qalmaqdadır. Lakin belə bir mexanizmin yaradılması tərəflər arasında birbaşa təmas kanalının formalaşması baxımından əhəmiyyətlidir. Bu kanal yanlış hesablamalar nəticəsində yeni müharibə riskini azalda, sərhəddə insidentlərin idarə olunmasını asanlaşdıra və diplomatik həll imkanlarını genişləndirə bilər.

“Əgər komissiya praktik nəticələr ortaya qoya bilsə, gələcəkdə Suriya və digər regional böhranlar üzrə də oxşar formatların yaranması istisna deyil. Bu baxımdan prosesin nəticələrini yalnız Livan çərçivəsində deyil, bütövlükdə Yaxın Şərqin yeni təhlükəsizlik modeli kontekstində qiymətləndirmək lazımdır”, - deyə Alim Nəsirov əlavə edib. 

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026