Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız öldürülüb.
Bakıvaxtı.az bu barədə 24News.ge-yə istinadla xəbər verir.
Gürcüstan paytaxtında baş vermiş ağır qətl hadisəsinin yeni təfərrüatları məlum olub. Məlumata görə, iyunun 26-da kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı 21 yaşlı qız Fatimə Kərimovadır. Bildirilir ki, xalası oğlu 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.
Yayılan məlumata görə, azərbaycanlı qız Tbilisiyə sevgilisi ilə birlikdə gəlib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, Fatimə Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə qohumu xalası oğlu gələrək ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı qətlə yetirmək olub. Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazırlar ki, 21 yaşlı qız yetim idi və geridə yalnız 19 yaşlı bacısı qalıb.
Qeyd edək ki, gənc qızın qətli barədə məlumatı sosial şəbəkədə "Sapari" təşkilatının rəhbəri Baia Pataraia yayıb.
Bakı 




