Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri təkcə növbəti diplomatik təmas sayılmamalıdır. Bu səfər həm də son illərdə sürətlə dəyişən qlobal geosiyasi və enerji reallıqlarının fonunda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisədir.
Bu səfər göstərir ki, Avropa İttifaqı artıq Azərbaycanı yalnız enerji tədarükçüsü kimi deyil, həm də Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında strateji körpü rolunu oynayan etibarlı tərəfdaş kimi qiymətləndirir. Xüsusilə son illərdə Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və yaşıl keçid siyasəti Azərbaycanın rolunu daha da artırıb.
Əslində, Avropa İttifaqının Azərbaycana yanaşmasında dönüş nöqtəsi 2022-ci ildə baş verdi. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Avropa uzun illər formalaşdırdığı enerji modelinin ciddi risklər daşıdığını gördü. Rusiyadan qaz asılılığının yaratdığı böhran fonunda Brüssel alternativ və etibarlı tərəfdaşlara üz tutdu. Həmin dövrdə məhz Azərbaycan ön plana çıxdı. Bakı həm siyasi sabitliyi, həm də öhdəliklərinə sadiqliyi ilə Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu nümayiş etdirdi. Nəticədə, 2022-ci ildən etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artdı. Bu dinamika təkcə ixrac həcmlərinin böyüməsi deyil, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi strategiyasında daimi yer tutmasının göstəricisidir.
Bu gün münasibətlər artıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Statistik göstəricilər də bunu təsdiqləyir. Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin regionun əsas iqtisadi mərkəzi statusunu nümayiş etdirir. Bu rəqəm həm Azərbaycanın iqtisadi potensialını, həm də Avropa şirkətləri üçün ən cəlbedici bazarlardan biri olduğunu göstərir.
Digər mühüm istiqamət isə yaşıl enerji əməkdaşlığıdır. Dünya enerji bazarında dekarbonizasiya prosesinin sürətlənməsi fonunda Azərbaycan öz inkişaf strategiyasını yalnız karbohidrogen ehtiyatları üzərində qurmur. Xəzər dənizinin zəngin külək enerjisi, günəş enerjisi potensialı və bərpa olunan enerji layihələri artıq Avropa İttifaqının diqqət mərkəzindədir. Bu baxımdan Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan yaşıl enerji kabeli layihəsi Avropa ilə Azərbaycan arasında enerji dialoqunun yeni mərhələsini formalaşdırır. Bu layihə gələcəkdə Azərbaycan və regionda istehsal ediləcək yaşıl elektrikin birbaşa Avropa bazarına çıxışını təmin edə bilər.
Burada daha bir mühüm geosiyasi element diqqət çəkir. Söhbət təkcə Azərbaycanın yaşıl enerji potensialından getmir. Bakı artıq Mərkəzi Asiya ölkələrinin də Avropaya enerji çıxışında əsas tranzit platformasına çevrilir. Xəzər dənizi üzərindən formalaşan enerji əməkdaşlığı modeli Qazaxıstan, Özbəkistan və digər region ölkələrinin yaşıl enerji resurslarının da Azərbaycan vasitəsilə Avropa bazarına daşınmasını mümkün edə bilər. Beləliklə, Azərbaycan Şərqlə Qərbi birləşdirən yalnız nəqliyyat deyil, həm də enerji körpüsü statusunu möhkəmləndirir.
Ursula fon der Lyayenin Bakıya səfərində xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın strateji baxışı oldu. Son illər ölkənin həyata keçirdiyi infrastruktur layihələri - enerji kəmərləri, nəqliyyat dəhlizləri, liman və logistika imkanlarının genişləndirilməsi - göstərir ki, Bakı qlobal iqtisadi dəyişiklikləri əvvəlcədən qiymətləndirərək uzunmüddətli planlaşdırma həyata keçirib. Bu gün Avropa üçün mühüm əhəmiyyət daşıyan bir çox layihənin illər əvvəl Azərbaycan tərəfindən planlaşdırılması ölkənin strateji düşüncə modelinin nəticəsi kimi qiymətləndirilir.
Avropa İttifaqının iqtisadi maraqları da bu əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Brüssel təkcə enerji sahəsində deyil, rəqəmsal iqtisadiyyat, nəqliyyat-logistika, yaşıl texnologiyalar, sənaye əməkdaşlığı və investisiya layihələri üzrə də Azərbaycanla əlaqələri genişləndirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevrilir ki, bu da iqtisadi əməkdaşlığa yeni impuls verir.
Bütün bunlar onu göstərir ki, Ursula fon der Lyayenin Bakı səfərinin əsas mesajı yalnız mövcud əməkdaşlığın qiymətləndirilməsi deyil, həm də gələcək onillik üçün strateji tərəfdaşlığın konturlarının müəyyənləşdirilməsidir. Azərbaycan artıq Avropa üçün sadəcə alternativ qaz mənbəyi deyil. O, enerji təhlükəsizliyi, yaşıl transformasiya, regional logistika və Avrasiya məkanında iqtisadi inteqrasiya baxımından əvəzolunmaz tərəfdaş kimi qəbul edilir. Bu isə Bakı–Brüssel münasibətlərinin yaxın illərdə daha da dərinləşəcəyini və əməkdaşlığın yeni strateji istiqamətlər üzrə genişlənəcəyini göstərən ən mühüm siyasi siqnallardan biridir.
Züriyə Qarayeva
Bakı 



