Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən “Location” gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayış zamanı klubun ətrafında olan obyekt, mənzil və avtomobillərə də ziyan dəyib. Belə ki, 1 mənzil, 2 qeyri-yaşayış obyekti, eləcə də 14 avtomobil partlayış dalğasına məruz qalıb.
Baş verən hadisədə ətraf obyektlərə dəyən zərəri kim ödəyəcək? Əmlak üzrə ekspert Məcid Məcidov Bakıvaxtı.az-a bildirib ki, ilkin olaraq hadisənin dəqiqliyi ilə necə və hansı səbəbdən olması araşdırılmalıdır: “İlkin məlumatlara görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib".
Ekspertin sözlərinə görə, partlayış nəticəsində həm kluba, həm də ətraf obyektlərə ziyan dəyib: "Ümumiyyətlə, obyekt sahibləri daşınmaz əmlakı, qeyri-yaşayış sahəsini icarəyə götürəndə müqavilə bağlanılır. Ordakı bütün müqavilədə bütün bəndlər göstərilir. Bəndlərə əsasən, ətraf obyektlərə dəyən ziyan partlayış baş verən obyektin icarəçisinin üstünə qalır".
M.Məcidov bildirib ki, bundan əlavə, daşınmaz əmlakın icbari sığortasının olub-olmaması yoxlanılmalıdır: "Çünki icbari sığorta olanda, dəymiş ziyanın bir hissəsi qarşılanır. Əmlakın sığortalanması çox önəmlidir. Çünki belə fövqaladə hadisə baş verəndə heç olmasa, dəyən ziyanın bir hissəsi ödənilir”.
Nuranə Daxilqızı
















