Ermənistan siyasətində son vaxtlar diqqət çəkən mövzuların başında Nikol Paşinyanın mövqeyi və Moskva ilə münasibətlərin gələcək istiqaməti dayanır.
Politoloq Akop Badalyanın “Kreml Paşinyanı devirmək istəmir” fikri bəzi ekspertlər tərəfindən həm Rusiyanın Ermənistan üzərində siyasət strategiyasının dəyişdiyini, həm də regionda yeni geosiyasi reallığın formalaşdığını göstərən bir göstərici kimi qiymətləndirilir.
Bəs bu, əslində nə deməkdir? Moskva Paşinyanı devirmək əvəzinə onu nəzarət altında saxlamaq siyasətini davam etdirir, yoxsa Ermənistan artıq Rusiyanın orbitindən çıxmaq və öz müstəqil siyasi və iqtisadi kursunu formalaşdırmaq mərhələsinə qədəm qoyub?
Mövzu ilə bağlı siyasi şərhçi Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Akop Badalyanın Nikol Paşinyanla bağlı iddiaları həqiqətəuyğun deyil və əsas məqsəd Ermənistan Baş nazirinin xalq qarşısında nüfuzunu zəiflətməkdir.
“Rusiyanın Nikol Paşinyanı devirmək istəməməsi açıq-aydındır. Azərbaycanla Ermənistan arasında sülh prosesindən Rusiyanın uzaqlaşdırılması, bu faktı bir daha təsdiqləyir",- Natiq Miri deyib.
O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması və bu prosesdə nəzarətin ABŞ və Avropa tərəfinə keçməsi Rusiyanın regiondakı rolunu məhdudlaşdırır:
“Zəngəzur dəhlizinin açılması prosesi artıq Rusiyanın əlindən çıxaraq ABŞ ilə razılaşma çərçivəsində həyata keçirilir. Avropa İttifaqı da məsələni ciddi şəkildə hüquqi əsaslarla müdaxilə edir. Yəni sülh prosesində qərar verici qüvvələr artıq Avropaya və ABŞ-yə aiddir".

Natiq Miri: Rusiyanın hədəfi yalnız Nikol Paşinyanı devirməkdir
Natiq Miri qeyd edib ki, bu şəraitdə Rusiyanın Nikol Paşinyanı devirmək istəməməsi məsələsi deyil, onu devirmək bacarığı ön plana çıxır:
“Rusiya artıq regiondakı proseslərdə kifayət qədər məhduddur və Avropa inteqrasiyası prosesi güclənməkdədir. Ermənistan siyasətinə təsir imkanları isə çox azdır".
Siyasi şərhçi Gürcüstan nümunəsinə də toxunub:
“Keçmişdə İvanişvilinin milyardları Gürcüstan siyasətinə təsir göstərmişdisə, indi Ermənistan siyasətinə də pulla müdaxilə etmək planlaşdırılır. Lakin Nikol Paşinyan Mixail Saakaşvilidən fərqli olaraq möhkəm mövqe tutur və onu devirmək asan deyil".
Həmsöhbətimiz son olaraq vurğulayıb ki, Rusiyanın hədəfi yalnız Nikol Paşinyanı devirməkdir və bu istiqamətdə qanuni yollarla erməni milyarderlərinin resurslarından istifadə etmək niyyətindədir:
“Hazırda Nikol Paşinyan və onu dəstəkləyən qüvvələr ciddi şəkildə siyasi mübarizəyə hazırlaşırlar. Bu baxımdan, Akop Badalyanın dediklərinin heç bir əsası yoxdur".
Əli Hüseynov
Bakı 


